HƏMAS-İsrail müharibəsi günü-gündən daha da şiddətlənir. Sanki prosesin arxasında böyük güclər dayanıb, müharibənin uzunmüddətli olmasına çalışılır.
Maraqlıdır, Yaxın Şərqin xəritəsi dəyişə bilərmi? ABŞ-ın “Böyük Yaxın Şərq planı” növbəti fazası başlayıb?
Əlimusa İbrahimov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İsrailin regiondan silinməsi istiqamətində bir prosesin getdiyini düşünmür:
“Düzdür, İsrail müstəqilliyinin elan etdiyi ilk gündən regionun ərəb ölkələri bununla barışmayıb və belə bir planı icra etmək istəyib. Lakin bu plan heç vaxt baş tutmayıb.
HƏMAS-İsrail müharibəsi başlayanda və rəsmi Təl-Əviv quru əməliyyatlarına başlayacağı haqda anons verəndə İran da bildirdi ki, bu, onun qırmızı xətti olacaq. Lakin Tehran bu günə qədər birbaşa İsrailə qarşı addım atmayıb. Daha çox İran proksiləri vasitəsilə İsrailə qarşı mübarizə aparır.
Məsələ ondadır ki, İranın Livan, Yəmən, Fələstin, Suriyadakı proksiləri gözlənilən effekti vermir. İsrail quru əməliyyatlarına başlasa da Təl-Əvivə qarşı atılan addım kifayət deyil.
Bu gün İsrail Qəzzaya daxil olub və hətta HƏMAS-ın gizləndiyi tunellərdə döyüşür. “Hizbullah” isə gözləyir ki, İran nə zaman təlimat verəcək və onlar müharibəyə qoşulacaq. Reallıq ondan ibarətdir ki, İran da bu gün ritorikasını bir qədər dəyişib. Məsələ ondadır ki, Tehran əvvəlki kimi sərt təhdidlər etmir.
ABŞ və Qərb ölkələri donanmalarını bu gün İsrailə yaxın sahil ərazilərində yerləşdirib. Bu qüvvələr fors-major hal baş verəcəyi təqdirdə rəsmi Təl-Əvivə yardım etmək üçün ordadır. Bu baxımdan deyirəm ki, indiki məqamda nə İranın, nə də bir başqa qüvvənin İsraili regiondan silməsi mümkün deyil.
Bu gün İsrail üçün HƏMAS-la mübarizə ölüm-dirim məsələsidir. Belə ki, HƏMAS Qəzzadan silinməlidir ki, Təl-Əviv gələcəkdə İrana qarşı mübarizədə arxadan bir daha zərbəyə məruz qalmasın. Bunu İran da yaxşı bilir və proksiləri vasitəsilə İsrailə qarşı mübarizə aparır”.
Turan Rzayev
Globalinfo.az