Paşinyan MDB-dən çıxışın anonsunu verdi

“Ermənistan Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammitinə qatılmaqdan imtina edib. Paşinyan bunu işlərinin çox olması ilə əlaqələndirib. O, sammitdən əvvəl MDB xarici işlər nazirlərinin şurasının iclasına yalnız nazir müavini səviyyəsində qatılıb. Bununla da Ermənistanın baş naziri MDB-dən uzaqlaşmaq kursu götürdü”.

Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Paşinyan həm KTMT, həm də MDB ilə əlaqələri aşağı səviyyəyə endirməklə Qərbə inteqrasiya kursunu həyata keçirdiyini nümayiş etdirir:

“Bu addım Ermənistan tərəfindən Rusiyaya qarşı demarş deməkdir. Paşinyan hakimiyyətdə qalarsa, gələn il Ermənistan KTMT və Avrasiya İttifaqı təşkilatından çıxa bilər. Hətta MDB üzvlüyünə xitam verməsi də mümkündür.

Ermənistan rəhbərinin MDB sammitindən imtinası sıradan hadisə deyil. Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası fonunda Rusiya Prezidenti Vladimir Putinə qarşı psixoloji-siyasi savaş apardığını nümayiş etdirir. Bununla da Qərbə Rusiyanın orbitindən çıxmaq üçün hərəkətə keçdiyi mesajını verir”.

Politoloq deyib ki, Paşinyan MDB sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşəcəkdi:

“Lakin bu görüş sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmayacaqdı. Ermənistan Rusiya əlaqələrində siyasi böhran dərinləşir. Amma İrəvan bu dərinlikdə özü batıb qalacaq. Ermənistan uzun illər ərzində məhz Rusiyanın vasitəçiliyi ilə Azərbaycana qarşı işğal və terror siyasəti aparıb. Ona görə də Azərbaycan iki dövlət arasında gərginləşən münasibətlərdən maksimum istifadə edərək daha ciddi üstünlük qazanmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az