Ermənilər fəlakətlə üz-üzə: Xankəndini çətin günlər gözləyir

Sərsəng su anbarı demək olar ki, quruyub. Ermənilərin anbardan son yaydığı görüntülərdə vəziyyətin nə qədər kritik olduğu aydın müşahidə edilir. 2022-ci ilin dekabr ayından bu günə kimi Xankəndidəki separatçılar ərazinin elektrik enerjisi ilə təmin edilməsi üçün anbardakı ehtiyatdan istifadə etdiklərini, nəticədə isə suyun tamamilə quruduğunu söyləyirlər.

Bu, Qarabağdakı ermənilərin növbəti ekoloji terrorudur. İşğal altındakı ərazilərin bitki örtüyü, təbii ehtiyatlarına vurulan zərərlə yanaşı, bölgənin ən böyük su anbarının qurudulması ermənilərin vəhşiliyinin göstəricisidir.

Bəs ərazidə Sərsəngin yoxluğunu kompensasiya edə biləcək başqa su ehtiyatı mövcuddurmu? Yaya aylarında mənzərə necə olacaq?

Hazırkı vəziyyəti Globalinfo.az-a şərh edən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov bildirib ki, ermənilər Sərsəngdə suyun yenidən dolacağını gözləyirdilər:

“Sərsəng su anbarında suyun qurumasının Azərbaycan tərəfinə birbaşa heç bir aidiyyatı yoxdur. Ermənilər gözləyirdilər ki, anbardakı sudan rahatlıqla istifadə edəcəklər, yazda dağlarda qar əriyəcək və Sərsəngdə su yenidən dolacaq. Gözlənilənin əksinə olaraq anbara Kəlbəcər tərəfdən su gəlmədi. Çünki qışda burada qar örtüyü zəif olub, yağıntılar kifayət qədər düşməyib”.

Mütəxəssis Sərsəngdəki vəziyyətin yay aylarında ciddi problemlərə səbəb olacağını qeyd edib:

“Yay aylarında bu, Azərbaycanda Bərdə, Tərtər və Ağdam rayonlarında ərazilərin suvarılması prosesində mənfi təsirini göstərəcək. Su anbarındakı vəziyyət qarşıdan uzunmüddətli quraqlıq dövrünün gəlməsindən xəbər verir. Ümumiyyətlə 1973-cü ildə Tərtərçay üzərində Sərsən su anbarı tikilərkən 120 min hektar ərazinin suvarılması nəzərdə tutulmuşdu. Lakin 1992-ci ildə anbarın yerləşdiyi ərazi işğal olunanda elə bir vəziyyət yaratmışdı ki, biz ondan istifadə edə bilmirdik. Bunun kompensasiyası üçün Bərdə və Tərtər rayonlarında subarteziyan quyularından istifadə olunur. Bu tam kompensasiya etməsə də, nisbətən vəziyyəti idarə edirdi. Sərsəngin yoxluğunu tam kompensasiya etmək üçün bölgədə başqa heç bir su mənbəyi yoxdur. Anbarda suyun quruması Azərbaycanda 100 min hektar ərazinin susuz qalması deməkdir. Yay aylarında onları da, bizi də çox ciddi çətinlik gözləyir”.

Ayşən Mustafa
Globalinfo.az