Ermənilərin Ağalarovlara qarşı kampaniyasının səbəbi – “Krokus” hücumunun pərdəarxası

Rusiyada yaşayan azərbaycanlı iş adamları Araz və Emin Ağalarovlara qarşı kampaniya başlayıb. Bu işin arxasında erməni diasporunun dayandığı deyilir. Hətta E.Ağalarovun Moskvadan qaçdığı xəbəri yayılmışdı. Üstəlik, “Krokus” terrorunu müsəlmanların, az qala azərbaycanlıların üzərinə atmaq xətti görünür. 

Rusiyada islamofobiya, ksenefobiya yaratmaq, ölkəni içdən sökmək, bununla da daxildəki türk-müsəlman subyektlərini mərkəzi hakimiyyətə qarşı qaldırmaq istədikləri iddia olunur. Hətta buna görə Putin son çıxışında müsəlmanları açıq müdafiə etdi. Ağalarovlara qarşı başladılan bu kampaniyanın səbəbi nədir? Niyə məhz müsəlmanlar?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib ki, Ağalarova qarşı aparılan kampaniya və terrorla bağlı Azərbaycanın adının hallandırılması məqsədyönlü xarakter daşıyır.

Onun sözlərinə görə, bütün baş verənlər erməni diasporunun sifarişi əsasında həyata keçirilir:

“Məqsəd Rusiyanın ictimai rəyində Azərbaycana və azərbaycanlılara qarşı neqativ rəy formalaşdırmaq, Kreml-Azərbaycan münasibətlərinə xələl gətirməkdən ibarətdir. Məlumdur ki, Ermənistanın Rusiyaya qarşı olan davranışları fonunda erməni diasporunun Rusiyadakı siyasət və biznes sektorunda olan mövqeləri xeyli zəifləyib. Rus ictimai rəyində Ermənistanın və ermənilərin dönük və satqın millət olması ilə bağlı mövqelər hər keçən gün daha da inkişaf edir. Azərbaycana və azərbaycanlılara münasibətdə isə əksinə, müsbət dəyişikliklər getdikcə daha qabarıq şəkildə nəzərə çarpmaqdadır. Odur ki, Rusiya ictimaiyyətində antiazərbaycan ovqatının güclənməsi və dolayısı ilə ermənilərin siyasət və biznes sektorundakı mövqeyinin bərpa olunması üçün ermənilərin nəzarətində olan və ya erməni diasporunun maliyyə vəsaiti hesabına satın alınmış ayrı-ayrı media qurumları fəaliyyətə keçiblər”.

Politoloq deyib ki, terror aktının iş adamına məxsus məkanda baş verməsi faktı ermənilər üçün yeni dezinformasiya kampaniyasında əsl fürsətə çevrilib:

“Hadisənin ilk günündən Azərbaycan düşmənlərinin “Krokus Siti Holl”un sahibləri – Ağalarovları, Müslüm Maqomayev Fondunun və muzeyinin yerləşdiyi məkanı hədəf alması da bunun bariz göstəricisidir. Rusiya paytaxtında və xaricdə ermənilərin ələ keçirdiyi media qurumlarının Azərbaycanı və Ağalarovları hədəfə gətirmək səyləri hər ötən gün daha şiddətli şəkil almaqdadır. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bu çirkin kampaniyada təkcə Azərbaycan və azərbaycanlılar deyil, ümumiyyətlə, Rusiyada yaşayan müsəlmanlar da hədəf alınır. Biz Rusiyada yaşayan müsəlmanların böyük ölçüdə türk olduğunu nəzərə alaraq deyə bilərik ki, həmin kampaniya həm də Rusiyada islamafobiya, ksenefobiya yaratmaq, bununla da Rusiya Federasiyası daxilindəki türk-müsəlman subyektlərini hədəfə almağa hesablanıb. Burada da məqsəd aydındır”.

Yusif Bağırovun dediklərinə görə, məqsəd Rusiyanın xristian əhalisində anti-müsəlman mövqeyinin gücləndirilməsi və bu fonda Ermənistanın mövqelərinin bərpa olunaraq möhkəmləndirilməsidir.

Zaira Akifqızı

Globalinfo.az