Ermənilər bizi niyə Zəfər Günü ilə bağlı təbrik etdi? – Gözdən qaçan vacib detallar

Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər Azərbaycan xalqını 8 noyabr Zəfər Günü münasibəti ilə təbrik ediblər. Bu haqda video sosial şəbəkələrdə yayılıb.

Ermənilərin bu hərəkəti Azərbaycanda maraq və təəccüblə qarşılanıb. Bu, tamamilə yeni bir xətt, yeni mərhələ kimi qiymətləndirilir. Görünür ermənilər regiona sülhün gəlməsini başa düşərək, bu jesti ediblər. Xalq diplomatiyasını işə salıblar. Əksər azərbaycanlılar onların təbrikini səmimi saymır. Bunun da arxasında bir hiylənin olduğunu deyirlər.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Vətən müharibəsi zamanı bir çox ölkələr, beynəlxalq təşkilatlar, xüsusilə də Ermənistan və onu dəstəkləyən qüvvələr Azərbaycanın öz ərazilərini azad etməsi ilə barışa bilmirdilər”.

O bildirib ki, Azərbaycanın qələbəsini bir çox Avropa ölkələri, başda Fransa olmaqla həzm etməkdə çətinlik çəkirdilər:

Ədalət Verdiyev

“Amma son günlərdə yayılan görüntülər onu göstərir ki, artıq bir çox ölkələr, təşkilatlar, insanlar o cümlədən də ermənilər Azərbaycanın qələbəsini nəinki qəbul ediblər, hətta təbrik etməkdən belə çəkinmirlər. Bu isə onu göstərir ki, həqiqətən də Azərbaycan haqlı və ədalətli müharibə aparıb, Azərbaycan Silahlı Qüvvələri ləyaqətlə döyüşüb, heç bir zaman mülki insanları və mülki infrastrukturu hədəf almayıb. Yalnız bizə qarşı müqavimət göstərən düşmənə öz gücümüzü, imkanlarımızı və hərbi potensialımızı göstərmişik. Azərbaycan 21-ci əsrin tək qalib ölkəsi kimi öz ərazilərini düşməndən təmizləyib, separatizmin kökünü ərazilərimizdən birdəfəlik olaraq silib”.

Ə.Verdiyev deyib ki, mülki ermənilərin Azərbaycanı təbrikində səmimi olub-olmaması heç bir şeyi dəyişmir:

“Artıq dünyanın qlobal gücləri Çin, Rusiya, ABŞ, İngiltərə Azərbaycanın qələbəsini qəbul ediblər. Bu da o deməkdir ki, dünyanın beş nəhəng dövlətindən dördü (Fransa xaric) Azərbaycanın əldə etdiyi qələbəyə heç bir şübhə etmir. Azərbaycanın haqlı olduğu onların bəyanatından da məlum olur. Odur ki, bir ovuc erməninin səmimi olmaması heç nəyi dəyişməz. Amma hələlik əlimizdə onların arasında kiminsə səmimi olmadığına dair dəlil yoxdur. Hər bir halda, əsgərimizin güclü olması bizə qarşı çıxanları belə bizi təbrik etməyə vadar etdi. Bunun özü də böyük bir qələbədir və bu qələbəni biz əsgərimizin, şəhidlərimizin canı, qanı bahasına əldə etmişik”.

Zaira Akifqızı
Globalinfo.az