Ermənistan müharibə ritorikasına doğru gedir

 “Ermənistan ordusunda keçirilən təlimlərə 44 günlük müharibədə iştirak etmiş, hərbi xidmətini 3-4 ildir başa vurmuş şəxsləri cəlb etməyin nə mənası var?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Cəmi 3 il əvvəl hərbi xidmətdə olublar, deməli, normal formadadırlar. Təlimlərə cəlb olunmalarına ehtiyac yoxdur. Ehtiyatda döyüş qabiliyyəti olan, 7-8 il əvvəl hərbi xidmət keçmiş şəxsləri təlimlərə cəlb etmək, onlara hazırlıq keçmək lazımdır. Universiteti bitirib diplomu almadan gənclərə çağırış vərəqəsi göndərilərək hərbi xidmətə cəlb edilmələri qanunun icrası deyil, öz planlarına uyğun hərəkət etmək olduğu mənasına gəlir”, – o bildirib.

Qeyd edək ki, son vaxtlar erməni ekspertlər ehtiyatdakı digər hərbi vəzifəlilərinin təlimlərə cəlb edilməsinin zəruri olduğunu deyirlər. Bundan başqa, qarşı tərəf xüsusilə Azərbaycan sərhədinə hərbi texnika, silah-sursat cəlb etməyə davam edir. Həmçinin Azərbaycanla sərhəddə yerləşən erməni kəndlərindəki əhaliyə silah paylanır. Sülh danışıqlarının getdiyi bir vaxtda İrəvanın belə hərbi aktivlik nümayiş etdirməsi birmənalı deyil.

Ayşən Mustafa
Globalinfo.az