Kılıçdaroğlu ciddi itkilərlə üzləşdi – Sinan Oğanın qərarı…

14 mayda Türkiyədə keçirilən prezident və parlament seçkiləri yekunlaşdı. Türkiyənin yeni prezidenti ilk turda müəyyən edilmədiyi üçün mübarizə 28 may tarixinə – ikinci tura qaldı.

Düzdür, namizədlər arasında səs fərqi çox olmasa da (“Cümhur İttifaqı” 49,4%,“Millət İttifaqı” 44,9%), Millət İttifaqı və Kılıçdaroğlunun ilk turda gücünü tükətdiyini demək olar.

“Millət İttifaqı”nı təşkil edən 6 müxalif partiya Kılıçdaroğlunun nəticəsindən razı deyil. Partiyaların nəticədən narazı qalması “Millət İttifaqı”nın siyasi xəzan dövrünə qədəm qoyması ilə nəticələnə bilər.

Siyasi xəzanın ilk mərhələsi CHP və İYİ Partiyasında müşahidə olunur. Belə ki, İYİ Partiyasının iqtisadi siyasət məsələləri üzrə sədr müavini Özcan Kadıoğlu və CHP-nin İnformasiya və Kommunikasiya Texnologiyaları məsələləri üzrə sədr müavini Onursal Adıgözəl vəzifəsindən istefa verib.

Özcan Kadıoğlu və Onursal Adıgözəlin istefa səbəbləri fərqli olsa da, seçkinin birinci turundan sonra istefa vermələri diqqət çəkir. Bənzər istefaların seçkinin ikinci turuna qədər və sonrakı dövrdə də davam etməsi mümkündür.

“Millət İttifaqı” ikinci tura qədər bu qədər ciddi şəxsləri itirməsi Kılıçdaroğlunun şanslarına və prestijinə ciddi təsir edə bilər.

Kılıçdaoğlunun və “Millət İttifaqı”nın ikinci tura qədər güc itirməsi fonunda Ərdoğan Sinan Oğanın dəstəyini almağı bacarsa, aradakı səs fərqi artacaq və Ərdoğan ikinci turda qələbə qazanacaq.

Digər tərəfdən, İYİ Partiyadan ayrılan şəxslərin dəstəkçilərinin böyük bir qismi yenə millətçi Sinan Oğanın Zəfər Partiyasına üz tutacaq.

Turan Rzayev
Globalinfo.az