Ərdoğan İnam Kərimovu qəbul etdi – FOTO / YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbayacan Ali Məhkəməsi məlumat yayıb.

Qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib və onun rəhbərliyi ilə Türkiyənin bundan sonra da hərtərəfli inkişafa nail olacağına əminliyini ifadə edib.

Görüşdə Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı dostluq və qardaşlıq münasibətlərinin xalqlarımız üçün güvənc mənbəyi olduğunu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsindəki münasibətlər bu gün uğurla inkişaf edir və bundan sonra mövcud əməkdaşlıq daha da möhkəmlənəcək.

Öz növbəsində, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdıraraq, Ali Məhkəmənin sədri və kollektivinə fəaliyyətində uğurlar arzulayıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.

***22:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviter hesabında yazıb.

O qeyd edib ki, İnam Kərimov həmçinin Türkiyənin Ali Apellyasiya Məhkəməsinin sədri Mehmet Akarca və ədliyyə naziri Yılmaz Tuncla da görüşüb.