“Ərdoğan diktatordur!” – “Ərdoğan kimi demokrat…”

Türkiyə bütün olan-bitənləri ilə Azərbaycanın diqqət mərkəzində qərarlaşmış əsas ölkədir. Musiqisi, filmləri, idmanı, tarixi şəxsiyyətləri, təbii fəlakətləri, siyasəti, seçkisi – bir sözlə, hər şeyi ilə bu ölkə bizimdir. Qələbəsinə sevinib, faciəsinə ağladığımız tək ölkədir Türkiyə. Bayrağını bayrağımız bildiyimiz, özünü Vətən kimi sevdiyimiz məkandır Türkiyə.

Azərbaycan xalqı Türkiyənin gerçək mahiyyətini İkinci Qarabağ müharibəsi başlayanda anladı. Türkiyə illərdir ondan umduğumuzu artıqlaması ilə reallaşdırdı. Qarabağ məsələsində bizə necə dəstək olmasını arzulayırdıqsa, bəzən ərklə tələb edirdiksə, onun ötəsində bir dəstək verdi bizə. Və bu dəstək dayanmayıb, davam edir. Hərbi, siyasi, diplomatik müstəvidə qardaşı ölkə böyük miqyasda öz yardımını əsirgəmir.

Artıq siyasi, hərbi, geopolitik və digər məsələlərdə maraq, mənafe ortağıyıq. Şuşa Bəyannaməsi ilə bu ortaqlıq, qardaşlıq daha da möhkəmləndirildi, rəsmiləşdirildi. Bir sözlə, Azərbaycanla Türkiyə arasındakı münasibətlər sistemi “dostun dostumdur, düşmənin düşmənim” düsturu ilə ifadə edilir.

Arxiv foto: Şuşa şəhəri, 15 iyun 2021-ci il

Bəziləri Azərbaycanı Türkiyədə keçiriləcək seçkilərə yaxından müdaxilə etməkdə qınayırdı. Əslində buna müdaxilə demək doğru olmaz. Sadəcə arzumuzu bildirirdik, mövqeyimizi ifadə edirdik. Əksər hissəmiz arzulayırdı ki, seçkilərdə “Cümhur İttifaqı” və Rəcəb Tayyib Ərdoğan qələbə çalsın. Az qisim isə “Millət İttifaqı”nın və Kamal Kılıcdaroğlunun qazanmasını istəyirdi. Azərbaycan hakimiyyətinin mövqeyi zatən bəlli idi: Ərdoğana dəstək verirdi. Bunu gizlətmirdi. Bu məsələdə hakimiyyətlə cəmiyyətin əksər hissəsinin mövqeyi üst-üstə düşürdü. Xalqımız Ərdoğanın qalib gəlməsini, daha 5 il hakimiyyətdə qalmasını Türkiyənin, eləcə də Azərbaycanın maraqları baxımından daha uyğun hesab edirdi, indi də o fikirdə qalır. Haqsız mövqe sayılmaz. Ortada fakt var, iş var, proses var. Türkiyədə hakimiyyətin dəyişməsi Azərbaycanın Qarabağ məsələsində taleyinin dəyişməsi demək olardı. Təsəvvür edin, çəkdiyi xəritədə Azərbaycanı görməzdən gələn Kamal Kılıcdaroğlu Türkiyədə prezidentdir. Üstəlik, sədr olduğu partiyada ölkəmizə qarşı neqativ münasibəti olan onlarla insan var. Koalisiyada da yetəri qədər əleyhdarımız təmsil olunur. Türk dünyası, Azərbaycan, Qarabağ, Turan adı gələndə az qalsın dəli olanların iqtidarının bizə nələr vəd etdiyini anlamaq, bunu təsəvvürdə canlandırmaq çətin olmaz hər halda. Paraleldə PKK, FETÖ, erməni, yunan lobbisi və s. antitürk, antitürkiyə mahiyyətli çevrələrlə can-ciyərdir belələri. Bu qədər gözəbatan faktları gözrməzdən gəlmək mümkündürmü? Ağılı, vicdanı, vətən sevgisi olan hansı türkiyəli, azərbaycanlı Ərdoğanı, onun müttəfiqlərini yox, əks qütbdəkiləri seçər, sevər?

Kamal Kılıcdaroğlu

Azərbaycanda Kamal Kılıcdaroğlunun dəstəkçilərinin əksəri Qərb təmayüllü insanlardır. ABŞ-ın, Avropanın müxtəlif fondlarından pul alanlar, siyasi, ictimai, bioloji varlıqlarını xaricdən aldıqları qrantlarla sürdürənlər birmənalı, hətta davakar şəkildə “Millət İttifaqı”nın qalib olmasını istəyirdilər. Eyni tezsilər, eyni maraqlar, eyni arqumentlər – bağlı olduqları mərkəz birdir, belə olması təbiidir. Belələrini nə Qarabağ maraqlandırır, nə Türkiyə. Kılıcdaroğlunun məlum xəritə qalmaqalında da sona kimi onu müdafiə etdilər. Hələ CHP sədrinə haqq qazandırmaqdan da çəkinmədilər. Bu, təsadüfü reaksiya deyildi. Türkiyədə Ərdoğanı hakimiyyətdən saldıqdan sonra sıra Azərbaycana keçə bilər deyə bir xəttin olduğunu yaxşı bilirlər. Ona görə də Kılıcdaroğlunun Türkiyədə hakimiyyətə gəlməsini avtomatik olaraq Azərbaycanın təklənməsi, zəifləməsi kimi yorumlayırlar.

Azərbaycan müxalifətinin radikal və inkarçı qanadında təmsil olunanlar da seçki gününə kimi Ərdoğana diktator deyirdilər, yazırdılar. Seçkidən sonra onu demokrat adlandırmağa başlayıblar. Bir günün içində dəyişən mövqe, fikir adamı heyrətə salır. Diktator adlandırdığın ölkə başçısı necə demokratik seçki keçirə bilər? Ya da demokratik seçki keçirən birini hansı əxlaqla diktator adlandırırdınız?!

Bu dəstə yeni tezis tapıb. Ərdoğanı bizim iqtidara nümunə göstərib deyirlər ki, Azərbaycanda da belə dürüst, halal, ədalətli seçki keçirilsin. Təsəvvür edirsiniz, “diktator” Ərdoğan bir gecədə bunların gözündə dönüb olub demokrat. Bu qədər prinsipsizlik, qeyri-ciddilik, buqəlamunluq olarmı?

Demokratik seçki tələb edənlərin heç biri son 15 ildə bir dəfə də olsun nə parlament, nə də prezident seçkisində iştirak etməyiblər. O zaman seçkinin ədalətli olub-olmadığını hansı vasitə ilə təyin edə bilirlər?

Azər Ayxan
Globalinfo.az