Ərdoğan “Bakının yanındayıq” mesajı verdi – Politoloq

“Türkiyə ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək xüsusilə önəm daşıyır”.

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş mədəniyyət paytaxtımız Şuşa şəhərində 2021-ci ilin 15 iyun tarixində imzalanmış Şuşa bəyannaməsi iki ölkənin təhlükəsizliyi baxımdan imzalanmış yüksək səviyyəli sənəddir:

“Hazırkı dövrdə münasibətlər hərbi müttəfiqlik səviyyəsinə çatıb. Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan tək müttəfiqidir. Hesab edirəm, bu da liderlərin siyasi iradəsi ilə bağlı olan məsələdir.

İlyas Hüseynov

Cənab Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sıx əlaqələri var. Bu, hər bir sahədə özünü göstərir. Digər tərəfdən Türkiyədə gərgin parlament və prezident seçkilərindən sonra Ərdoğanın ilk səfərini Azərbaycana etməsi də əhəmiyyətlidir. Ərdoğan bu səfərlə Azərbaycanı təhdid edən ölkələrə də açıq mesaj vermiş oldu. Yəni Ankara bundan sonra da “Bakının yanındayıq” mesajı verdi”.

Turan Rzayev
Globalinfo.az