Amerikalı maliyyəçi Ceffri Epşteynin aktivlərinin potensial varisi Belarus əsilli Karina Şulyakdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, Şulyak 2019-cu ildə həbsxanada ölməzdən əvvəl Epşteynin telefonla danışdığı son şəxs olub.
Məlumata görə, o, təxminən 100 milyon dollar miras ala bilər:
“Maliyyəçi ilə uzunmüddətli əlaqələrinə baxmayaraq, Şulyaka qarşı heç vaxt cinayət işi açılmayıb və o, özünü Epşteynin qurbanı adlandırmayıb. Onlar tanış olarkən Şulyak 21 yaşında idi və stomatoloq kimi fəaliyyət göstərirdi”.
Qeyd olunur ki, Epşteyn Şulyaka stomatologiya məktəbinə qəbul olunmaqda, eləcə də ABŞ vətəndaşlığı almaq prosesində kömək edib:
“Şulyakın rəfiqəsinin sözlərinə görə, Epşteyn əvvəlcə belaruslu gənc qadını növbəti qurbanlarından biri kimi görsə də, sonradan münasibətləri fərqli istiqamətdə inkişaf edib. Tanışlıqdan bir neçə həftə sonra Şulyak onu “möhtəşəm insan” adlandırır və yardımını qəbul etmək istəmirdi. Lakin Epşteyn onun və rəfiqəsinin müzikllərə biletlərini, restoran xərclərini və helikopter gəzintisini ödəyirdi.
Ölümündən az əvvəl Epşteyn vəsiyyətinə dəyişiklik edərək, təxminən 600 milyon dollarlıq sərvətinin böyük hissəsini Şulyaka vəsiyyət edib. Sonrakı illərdə isə hüquqi xərclər, vergilər və zərərçəkənlərə ödənilən kompensasiyalar səbəbindən əmlakın dəyəri əhəmiyyətli dərəcədə azalıb”.
Qeyd edək ki, Ceffri Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkdakı malikanəsinə və şəxsi adasına onlarla azyaşlı qızı gətirməkdə ittiham olunurdu. İstintaq müəyyən etmişdi ki, dəvət olunanlardan ən kiçiyinin cəmi 14 yaşı olub. O, 2019-cu ilin avqustunda həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb və həyatını xilas etmək mümkün olmayıb.
Əliyar Xəlil
Globalinfo.az