Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahanın TV-lərdən birində səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” adlı “şeiri” müzakirələrə səbəb olub.
Əsas sual budur ki, televiziyalar bu cür verilişlərə, müzakirələrə, təqdimatlara niyə yol verir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli Elza Seyidcahanın yaxşı bəstəkar olduğunu bildirib.
Qulu Məhərrəmli
O deyib ki, E.Seyidcahan ilk dəfə deyil efirə çıxır:
“O çıxır efirdə şeirlərini oxuyur, reaksiyalar doğurur. Düzdür, bu reaksiyaların hamısı müsbət olmur. Amma ümumilikdə hər çıxışı ilə maraqla qarşılanan, dalğa yaradan sənətçidir. E.Seyidcahan yaxşı bəstəkardır, gözəl musiqiləri var. Şeir yaradıcılıqları haqqında dəqiq fikir deyə bilmərəm. Gərək, şeirləri toplanıb, bir yerdə baxılsın. İstənilən halda dediyi hər söz, ifadə etdiyi hər fikir müəyyən mübahisələrə səbəb olur”.
Q.Məhərrəmlinin fikrincə, E.Seyidcahanın dediyi sözlər etik qaydaları pozmursa, efirə çıxmasında qəbahət yoxdur:
“Əgər bir adam efirə çıxırsa, onun danışıqlarında etik qaydalar pozulmursa, fikri başqalarında mübahisə yaradırsa bu səbəbə görə onu efirə çağırmamaq və ya hansısa qadağanı qoymaq olmaz. Hər kəsin bir düşüncəsi var. Önəmli olan odur ki, bu fikirləri söyləyərkən başqalarının azadlığına xələl gətirməməli, etik qaydalarını gözləməli və fikrini o çərçivədə deməlisən. Məsələlərə bu cür yanaşıram. Əlbəttə ki, başqa yanaşmaları da nəzərdən keçirmək olar”.
Zaira Akifqızı