Xəbər verdiyimiz kimi, iyulun 16-da Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində Prezident İlham Əliyevin Berdiməhəmmədova Qarabağ atı hədiyyə etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Hədiyyə mərasimi zamanı Prezident Əliyevin atı öpməsi isə xüsusilə maraqla qarşılanıb və müxtəlif yozumlara səbəb olub. Bu jestin simvolik mənası və protokoldakı yeri ilə bağlı fərqli fikirlər irəli sürülür.
Globalinfo.az-a danışan Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə bildirib ki, İlham Əliyevin Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etməsi və həmin atı öpməsi həm diplomatik, həm də milli-mədəni baxımdan zəngin simvolik məna daşıyır:
“Bu hadisə yalnız dövlət protokol hərəkəti deyil, eyni zamanda tarixi köklərə, milli irsə və ortaq dəyərlərə söykənən dərin məzmunlu jestdir. Qarabağ atı Azərbaycan xalqının ən qədim və parlaq milli simvollarından biridir. Onun dost ölkəyə hədiyyə edilməsi Azərbaycanın mədəni sərvətinə və suverenliyinə dəyər verən tərəfə göstərilən hörmətin ifadəsidir”.
Y.Quluzadə əlavə edib ki, atın hədiyyə edilməsi diplomatiya dilində qarşı tərəfə bəslənən yüksək etimadın, səmimi dostluğun və hörmətin simvoludur:
“Tarixi baxımdan bu jest Atlı-Silahlı dövlətçilik ənənələrinə və Türk dünyasının ortaq atçılıq mədəniyyətinə istinaddır. Prezident İlham Əliyevin atı öpməsi adi bir hərəkət deyil. Bu jest bir neçə qatlı məna daşıyır. Qarabağ atı təkcə heyvan deyil, həm də qəhrəmanlıq, Vətən və zəfərlə birbaşa bağlı anlayışdır. Onu öpmək isə Vətənə və zəfərə olan ehtiramı göstərməkdir”.
Müsahibimiz bildirib ki, Prezident həmin atı sadəcə bir hədiyyə kimi təqdim etmədi, onu doğma bir varlıq kimi yola saldı:
17 iyul 2025-ci il, Cıdır düzü. Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib
“Bu, Azərbaycanın öz genetik irsinə və tarixi köklərinə verdiyi dərin önəmi əks etdirir. Qarabağ atı Qarabağın özünün bir parçasıdır. Onu öpmək, dolayısı ilə işğaldan azad olunmuş müqəddəs torpağa səcdə kimi də yozula bilər. Türkmənistan da Azərbaycan kimi zəngin atçılıq ənənələri ilə tanınan bir Türk dövlətidir. Qurbanqulu Berdiməhəmmədovun özü atçılıqla yaxından məşğul olur və Axaltəkə atlarının qorunmasında böyük xidmətlər göstərir. Ona məhz Qarabağ atının hədiyyə edilməsi Türk dünyasının atçılıq irsinin birliyinə çağırışdır. Bu addım Qarabağ atının təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün ortaq dəyər olduğunu vurğulamaq məqsədi daşıyır. Eyni zamanda, bu, iki lider arasında mövcud olan şəxsi dostluğun və qarşılıqlı hörmətin bariz göstəricisidir”.
Yaşar Quluzadənin sözlərinə görə, Prezident tərəfindən bağışlanan “Dostluq” ləqəbli Qarabağ atının maraqlı tarixçəsi var:
“1980-ci ildə Qazaxıstanda keçirilən “Milli At Cinsləri” sərgisində Ağdam atçılıq zavodundan aparılan, 1977-ci ildə doğulmuş “Paris” ləqəbli Qarabağ atı cinsin çempionu adına layiq görülür. Sərgidən sonra “Paris” Azərbaycana gətirilərək Ulu Öndər Heydər Əliyevə hədiyyə edilir. Ötən gün Şuşada Türkmənistanın sabiq prezidentinə hədiyyə edilən “Dostluq” adlı Qarabağ atı həmin atın xəttindəndir. Konkret olaraq: “Paris” (1977, Ağdam) – “Senat” (1991, Ağdam) – “Sarab” (2004, Bakı) – “Sərin” (2011, Bakı) – “Dostluq” (2022, Bakı). Sözügedən atların hamısı Qarabağ atlarının Dövlət Damazlıq Kitabının 2-ci cildində qeyd olunub və atların şəcərələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində qeydə alınıb”.
Yaşar Quluzadə
Mütəxəssis qeyd edib ki, dövlətlərarası hədiyyə ənənəsində heyvanlar, xüsusilə də cins atlar müstəsna yer tutur:
“Bu cür hədiyyələr dərin dostluğun və strateji münasibətlərin rəmzi hesab olunur. Protokol baxımından bu, nadir və yüksək dəyərə malik simvolik bir aktdır. Atın öpülməsi isə protokol çərçivəsindən kənara çıxan, lakin hədiyyəyə emosional dərinlik qatan və xalqla birbaşa mənəvi ünsiyyət yaradan şəxsi bir təşəbbüsdür. Bu hadisə təkcə bir atın hədiyyə edilməsi deyil, həm də milli mədəniyyətimizin, zəfər tariximizin və dövlət rəmzlərimizin beynəlxalq səviyyədə tanıdılmasıdır. Bu, Qarabağ atının diplomatik səviyyədə yenidən dirçəldilməsi və Türk birliyinin ortaq dəyərlər üzərindən daha da möhkəmləndirilməsi üçün atılmış çox ciddi bir addımdır. Prezidentin atı öpməsi isə həm xalqla ruhən birləşmək, həm də millətinin dəyərlərinə sadiqliyini nümayiş etdirmək baxımından unudulmaz simvol kimi tarixə düşəcəkdir”.
Tarixçi Faiq Ələkbərli İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədova at hədiyyə etməsinin qədim türk və Azərbaycan adət-ənənələrində mühüm yer tutduğunu bildirib.
O qeyd edib ki, türk xalqlarının böyük dövlət başçıları arasında dəyərli hədiyyələr adət üzrə verilib və bu hədiyyələr sırasında at və qılınc xüsusi önəm daşıyıb:
“At hədiyyəsi iki türk elinin başçısı arasında ittifaqın, birliyin güclənməsi deməkdir. İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədova at hədiyyə etməsi və onu öpərək verməsi ciddi bir mesajdır. Bu, göstərir ki, Azərbaycan və Türkmənistan xalqları əslində eyni kökə bağlıdır. Azərbaycan türkləri ilə türkmənlər demək olar ki, eyni tarixə, mədəniyyətə malikdirlər”.
Faiq Ələkbərli
Tarixçi vurğulayıb ki, hər iki xalq bir çox tarixi şəxsiyyətləri – Qara Osmanı, Şah İsmayılı, Nəsimini, Füzulini və digər böyük ədəbi simaları öz dəyərləri kimi qəbul edir:
“Bu jest həm də dostluq, qardaşlıq rəmzidir. Qarabağ atının hədiyyə olunması iki xalqın birliyinin simvoludur və ölkələr arasında heç bir nüfuz mübarizəsinin olmadığını göstərir. Əksinə, bu, birliyin daha da güclənməsinin göstəricisidir”.
Faiq Ələkbərli əlavə edib ki, Türk Dövlətləri Təşkilatında Azərbaycanın, xüsusilə Prezident İlham Əliyevin rolu önəmlidir:
“Türkmənistan da bu təşkilatda üzvlüyə addımlar atacaq. Azərbaycanın regiondakı və təşkilatdakı liderliyi belə addımlarla daha da möhkəmlənir. Bu da həm regional, həm də qlobal səviyyədə güclü mövqe deməkdir”.
Tarixçi həmçinin türk mədəniyyətində atın xüsusi yeri olmasından söz açıb:
“Türk və at həmişə bir-birinə bağlı olub. “Əgər atın belində türk deyilsə, yükdür” deyimi var. Bu hədiyyə göstərir ki, hər iki dövlət başçısı əsl türk övladlarıdır və at hədiyyəsi türk xalqları arasında güclü birliyə işarədir”.
Zaira Akifqızı
Globalinfo.az