Əliyevin hədəfi, Bakının yeni planları – Mərkəzi Asiyadan Çinə qədər…

“Türk dünyasının inkişafı, Türk Dövlətləri Təşkilatının siyasi, iqtisadi, hərbi güc mərkəzinə çevrilməsi bu prosesdə tarixi bir missiyanı uğurla həyata keçirən Azərbaycanın əsas milli hədəflərindən biridir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli Prezident İlham Əliyevin andiçmə mərasimində TDT-nin inkişaflı haqda dediklərini şərh edərkən deyib.

Onun sözlərinə görə Türk Dünyası ailəsinə məxsusluğumuz barədə prezidentin səsləndirdiyi fikirləri yeni dövrün vahid milli ideoloji konsepti kimi dəyərləndirmək lazımdır:

“Çünki dövlətimizin başçısı ötən zaman kəsiyində ən müxtəlif və “qanadlı” ifadələr altında cəmiyyətimizə sırınan qondarma ideya və dəyərlərin əsas məqsədinin bizi bir millət və xalq olaraq parçalamaqdan, xarici maraqların könüllü girovuna – köləsinə çevirməkdən, ibarət olduğunu çox yaxşı bilir.

Bizim bir xalq və dövlət olaraq, ən böyük üstünlüyümüz yalançı vədlərin, gəlişi gözəl, bər-bəzəkli çağırışların, imperialist və müstəmləkəçi iddiaların pərdələnməsinə xidmət edən ilğım geosiyasi nəzəriyyələrin, paxırı qalaylanmış “növbətçi “təbəssüm”lərin girovuna çevrilməməyimizdir.

Biz özgə qapılarından mədət gözləyən toplum olmaqdan, assimilyasiyaya, istibdada, məxməri müstəmləkəçiliyə xidmət edən vədlərin parıltılı tələlərindən çoxdan qurtulmuşuq. Bizim ailəmiz Türk Dünyasıdır. Biz aid olduğumuz yerdə, doğmalarımızın arasındayıq və aid olduğumuz yerin də təəssübünü çəkir, inkişafına çalışırıq. Biz ləyaqətimizi, milli qürurumuzu çoxsaylı məhrumiyyətlər, çətinliklər bahasına dirçəltməmişik ki, onu özgə qapılarının dekorativ bəzəyinə çevirək.

Türk Dövlətləri Təşkilatı birliyin və gücün rəmzidir, qlobal dünyada aktora və güc mərkəzinə çevrilməlidir. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin zəngin təbii ehtiyatları, insan resursları, Avrasiyada ən önəmli, qlobal geostrateji əhəmiyyət daşıyan bir ərazidə yerləşmələri TDT-nin beynəlxalq münasibətlər sisteminin ən güclü aktorlardan birinə çevrilməsinə imkan verir. Bu prosesin sürətlə irəliyə doğru aparılması üçün isə gərəkli olan möhkəm, tarixin dərin qatlarında kök salan təməl milli iradə və bu iradəni gerçəkləşdirə biləcək potensial var.

Bu səbəbdən də digər türk xalqları və topluluqları, eləcə də bizimlə eyni tarixi, coğrafiyanı, dəyərləri bölüşən xalq və topluluqlarla birlikdə, identikliyin, özünəməxsusluğun, müstəqil dövlətçilik ənənələrinin bütün komponentlərinin qorunması amilinin dəyişməz və başlıca faktor kimi saxlanılması şərtilə, vahid mədəni, iqtisadi məkanın, hərbi-siyasi güc mərkəzinin tam formalaşdırılmasına nail olmalıyıq”.

Prezidentin Türk Dünyası ilə bağlı çıxşını iqtisadi baxımdan dəyərləndirən iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi müşahidə olunur:

“Hazırda Türk Dövlətlər Təşkilatının üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə Ümum Daxili Məhsulun (ÜDM) həcmi 1.5 trilyon ABŞ dollar, ticarət dövriyyəsi isə 1.2 trilyon ABŞ dollarından artıqdır.

Türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir.

Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib.

Ticarət dövriyyəsinin böyüməsini birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır.

Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir”.

Turan Rzayev
Globalinfo.az