1785493076 1785482672946139612 1200x630 1

Prezident İlham Əliyevin iyulun 30-31-də Qırğızıstana həyata keçirdiyi dövlət səfəri təkcə iki ölkə arasında növbəti yüksək səviyyəli diplomatik təmas kimi deyil, Azərbaycanın Mərkəzi Asiya strategiyasının yeni mərhələyə keçidini rəsmiləşdirən hadisə kimi qiymətləndirilməlidir. Səfərin əsas nəticəsi Azərbaycan və Qırğızıstan arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsini təsdiq edən Müqavilənin imzalanması oldu. Bu addım göstərdi ki, Bakı artıq Mərkəzi Asiya ilə münasibətlərini epizodik əməkdaşlıq deyil, uzunmüddətli geosiyasi və geoiqtisadi platforma üzərində qurur.

Bu hadisə təsadüfi deyil. Son illərdə Azərbaycan Özbəkistan və Qazaxıstanla da analoji səviyyədə münasibətlər formalaşdırıb. Qırğızıstanın da bu sıraya qoşulması faktiki olaraq Azərbaycanın Türk dünyasının əsas siyasi və iqtisadi inteqrasiya mərkəzlərindən birinə çevrildiyini göstərir. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən əsas əlaqələndirici dövlət statusunu siyasi və iqtisadi cəhətdən daha da möhkəmləndirir – coğrafi cəhətdən bu təbii olaraq belədir.

Səfərin diplomatik proqramı da bu strateji yanaşmanı əks etdirirdi. Təkbətək və geniş tərkibli görüşlər, Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası, müxtəlif sahələr üzrə sənədlərin imzalanması, prezidentlərin birgə bəyanatları və rəsmi dövlət ziyafəti münasibətlərin institusional xarakter aldığını nümayiş etdirdi. Qırğızıstan Prezidenti Sadır Japarovun “Heydər Əliyev” ordeni ilə təltif olunması isə iki ölkə arasında qarşılıqlı etimadın və siyasi yaxınlığın simvolu kimi qiymətləndirilə bilər.

17854895641484464763 1200x630

Səfərin diqqətdən yayınan mühüm məqamlarından biri Çolpon-Atada keçirilən Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi görüşü oldu. Azərbaycanın həmin platformada iştirak etməsi göstərir ki, Bakı artıq region ölkələri ilə münasibətləri yalnız ikitərəfli formatda deyil, çoxtərəfli regional əməkdaşlıq mexanizmləri vasitəsilə də inkişaf etdirməyə və möhkəmləndirməyə çalışır. Bu, Azərbaycanın Mərkəzi Asiyada siyasi nüfuzunun artmasının göstəricisidir.

İqtisadi baxımdan imzalanan sənədlər xüsusi diqqət çəkir. Ticarət, investisiya, sənaye, logistika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini əhatə edən razılaşmalar göstərir ki, tərəflər münasibətləri yalnız siyasi dialoqla məhdudlaşdırmaq niyyətində deyillər. Əməkdaşlığın demək olar ki, bütün əsas iqtisadi sahələri əhatə etməsi gələcək illərdə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artacağını deməyə əsas verir.

1785501526484888281 1200x63017854812741323911597 1200x630

Humanitar əməkdaşlıq da səfərin mühüm istiqamətlərindən biri idi. Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin yalnız hökumətlər səviyyəsində deyil, cəmiyyətlər arasında da dərinləşdirilməsinə hesablanıb. Bu cür layihələr uzunmüddətli perspektivdə siyasi münasibətlər üçün daha möhkəm sosial baza formalaşdırır.

Bütün bunlar Türk Dövlətləri Təşkilatının gələcək inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq təkcə təşkilatın üzvü deyil, onun iqtisadi inteqrasiyasını sürətləndirən əsas təşəbbüskar dövlətlərdən biri kimi çıxış edir. Bakı, Orta Dəhliz, enerji layihələri və investisiya təşəbbüsləri vasitəsilə Türk dünyasının iqtisadi əlaqələrinin güclənməsində aparıcı rol oynayır.

1785486850420139442 1200x630

Əlbəttə, səfərin real nəticələri yalnız imzalanan sənədlərlə ölçülməyəcək. Əsas göstəricilər qarşıdakı dövrdə ticarət dövriyyəsinin artımı, qarşılıqlı investisiyaların həcmi, birgə müəssisələrin yaradılması, logistika marşrutları üzrə yükdaşımaların genişlənməsi və yeni iqtisadi layihələrin icrası olacaq. Lakin indidən demək mümkündür ki, Bişkek səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində yeni siyasi mərhələnin əsasını qoymaqla yanaşı, Azərbaycanın Mərkəzi Asiya siyasətində uzunmüddətli strateji xəttinin növbəti uğurlu mərhələsini təşkil edir.

Bu baxımdan, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri yalnız iki ölkə arasında münasibətlərin inkişafı deyil, bütövlükdə Türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və Avrasiya məkanında yeni geosiyasi balansın formalaşması prosesinin mühüm elementi kimi qiymətləndirilməlidir.

Akif Nəsirli
Xüsusi olaraq Globalinfo.az üçün

Paylaş: