Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Səfər çərçivəsində bir çox görüş keçirən ölkə başçısı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə də görüşüb.
Prezidentin indiki məqamda Şarl Mişel ilə görüşməsi kifayət qədər diqqət çəkir.
Maraqlıdır, bu görüş fiaskoya uğrayan Brüssel formatının yenidən dirilməsi ilə nəticələnə bilər?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Prezident İlham Əliyevin Şarl Mişel ilə görüş keçirməsi tərəflər arasında problemin olmadığına işarədir:
“Bu görüşü zəruri edən əsas məqam Avropa İttifaqının Azərbaycanın Ermənistanla təmas xəttinə iki il müddətinə müşahidəçilər missiyası göndərməsidir. Görünür Prezident görüş zamanı ilk növbədə bu məsələni müzakirə edib. Bakı prosesdən narahat olmasa da cavabı zəruri olan bəzi suallar var.
Elxan Şahinoğlu
İndiki məqamda Bakı ilə Brüssel arasındakı münasibətlərin gərginləşməsi üçün səbəb yoxdur. Hazırda bəzi insanlar hesab edir ki, Avropa İttifaqının müşahidəçi missiyası regionda gərginlik yarada bilər. Mən isə hesab edirəm ki, müşahidəçi missiya təmas xəttində Azərbaycana problem yaratmaq imkanına malik deyil. Digər tərəfdən onların statusu da belə bir şeyin baş verməsinə uyğun deyil.
Politoloqun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır:
“Bizim bu sahədə əsas ticarət tərəfdaşlarımız Avropadadır. O ki qaldı Brüssel formatının yenidən dirçəldilmə səylərinə, deyə bilərəm ki, bu mümkündür. Çünki Şarl Mişelin vasitəçiliyi ilə ötən il Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında 4 görüş keçirilib.
Beşinci görüşə Fransanın müdaxiləsi səbəb olub. Ancaq Azərbaycan Prezidenti Brüsselin vasitəçiliyindən imtina etməyib. Bunu təsdiq edən bir fakt da Prezident İlham Əliyevin Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini vurğulamasıdır. Təsadüfi deyil ki, İlham Əliyev Şarl Mişellə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb”.
E.Şahinoğlu hesab edir ki, Brüssel formatı davam edəcəksə prosesdə Fransa Prezidenti Emmanuel Makron uzaq tutulmalıdır:
“Rəsmi Bakı Şarl Mişeldən Emmanuel Makronu danışıqlar prosesindən kənar tutmasını tələb etməlidir. Çünki Ermənistanın mövqeyini müdafiə edən Makron Brüsselin vasitəçiliyinə əngəldir”.
Turan Rzayev
Globalinfo.az