Əli Əsədov 4 qərar imzaladı

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) dəyişdirilib.

Belə ki, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətini mərkəzi aparatı üçün avtomobillərin sayı 18-dən 13-ə, qurumun ərazi və yerli bölmələri üçün avtomobillərin sayı isə 15-dən 10-a endirilib.

Əvəzində nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin avtomobillərinin sayı 15-dən 26-ya, qurumun ərazi və yerli bölmələri üçün avtomibillərin sayı isə 12-dən 23-ə çatdırılıb.

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin xidməti minik avtomobillərindən istifadə hüququ isə ləğv edilib.

X X X

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği aşağıdakı kimi olacaq:

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün)
1,49 manat

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiətavtomobilləri ilə müşayiət olunma (1 kilometr üçün) -1,68 manat

Hərəkət marşrutunun müəyyən olunması – 30 manat

X X X

Nazirlər Kabineti “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və yaxud onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Komissiyaya maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edəcək. Komissiyanın üzvləri isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzinin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini icra edən Malik Vəliyev, Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və təminat şöbəsi müdirinin müavini Emil Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsi müdirinin müavini Rəşad Zalov, Azərbaycan Mərkəzi Bankının Təhlükəsizlik Departamentinin problemli aktivlərlə iş şöbəsinin rəisi Natiq Quliyevdir.

Müsabiqə Komissiyası Nazirlər Kabinetinin qərarı ilə ləğv edilə bilər. Komissiya ləğv edildikdən sonra onun fəaliyyəti ilə bağlı sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada Dövlət Arxivinə təhvil veriləcək.

X X X

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2033-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Həmin siyahı ilə bu linkdən tanış olmaq mümkündür.