Ekspertlər Yunanıstanla Türkiyə arasında gərginliyi NATO-nun birliyinə təhdid olaraq görür

 

 

NATO üzvləri olan Türkiyə və Yunanıstan onillərdir Egey dənizində ərazi və hava məkanına olan iddiları səbəbilə gərginlik yaşayırlar. Tarixi rəqiblər söz savaşını artırdıqca, analitiklər mövcud gərginliyin Rusiyanın Ukraynanı işğalı fonunda bütün diqqətini Moskvaya qarşı birliyə ayırmalı olan NATO-ya sıçramaq riski barədə xəbərdarlıq edirlər.

Ən son qarşıdurma Türkiyə qonşusunu Krit adasında yerləşdirilən Rusiya istehsalı S-300 təyyarə əleyhinə raket sistemi ilə Türkiyənin döyüş təyyarələrini hədəf almaqda günahlandırıb. Ankara deyib ki, yunan pilotlar ötən ay şərqi Aralıq dənizi üzərində NATO missiyası zamanı Türkiyə təyyarələrinin radar sistemini bloklayıblar.

Rəsmi Afina Türkiyənin iddialarını rədd edib və ölkəni hava məkanını pozmaqda günahlandırıb.

Hər iki ölkə insidentlə bağlı NATO-ya şikayət edib. Bunun ardınca NATO Müttəfiq Komandanlığının Yunanıstanın tələbi üzərinə Türkiyəni Qələbə günü münasibətilə təbrik edən tvitini silməsi Ankaranın qəzəbinə səbəb olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Türkiyənin ən böyük aviasiya və aerokosmik festivalı Teknofestdə daha sərt mövqedən çıxış edib.

“Tarixə baxın. Əgər xətti keçsəniz, bunun ağır bədəli olacaq. İzmiri unutmayın” – deyə, işğalçı yunan qüvvələrinin 1922-ci ildə İzmirdə məğlub olmasına istinad edib.

O, bu həftənin əvvəlində də bənzər fikir səsləndirərək, “Türkiyə bir gecə gözlənilmədən gələ bilər” deyib.

Yunanıstan rəsmiləri onun sözlərini Türkiyənin Egey dənizindəki adalara qarşı hərbi əməliyyat keçirə biləcəyinə işarə edən təhdid olaraq görüb. Afina suverenliyini müdafiə etməyə hazır olduğunu deyir.

Yunanıstanın xarici işlər nazirli Nikos Dendias NATO, Avropa İttifaqı tərəfdalarına və Birləşmiş Millətlər Təşkilatına yolladıqları məktublarda bu üç beynəlxalq qurumu “Türkiyə rəsmilərinin hədsiz və getdikcə aqressiv danışığı”nı rəsmi olaraq pisləməyə çağırıb.

Dövlət Departamentinin nümayəndəsi Amerikanın Səsinə verdiyi açıqlamada iki müttəfiqi fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb

Vaşinqton Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə işarə edərək deyib ki, NATO müttəfiqləri arasında gərginliyi artıra biləcək bəyanatlar “xüsusilə yararsızdır.” O əlavə ki, “Yunanınstanı adalar üzərindəki suverenliyi sual olunmur”

Pentaqon Türkiyənin Yunanıstanın S-300 yer-hava tipli raketlərinin ötən həftə Türkiyənin təyyarələrini hədəf aldığına dair iddialarını şərh etməyib, ancaq deyib ki, müdafiə naziri Lloyd Austin Türkiyə və Yunanıstandakı həmkarları ilə öncəki danışıqlarında Egey dənizində gərginliyi azaltmağın vacibliyini vurğulayıb.

Mənbə: Amerikanın Səsi