Ekoloji fəlakətə biganə yanaşmaq cinayətdir

Ermənistanın hərəkətləri ekologiyaya qarşı terror kimi dəyərləndirilməlidir.

Globalinfo.az “Sherg.az”a istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer Kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıblar. QHT beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə çağırıblar. Qeyd olunub ki, Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib. Bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir. Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir.

Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir. Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə də təbiətimizi məhv etməklə, çaylarımızı çirkləndirməklə məşğul olub. Ekspertin sözlərinə görə, bununla da Azərbaycanın fauna və florasına çox ciddi zərərlər vurulub: “44 günlük müharibədən sonra Azərbaycan dövləti bu məsələ üzərində xüsusi işləyir və hesabatlar hazırlayır. Ola bilər ki, müəyyən iddialar qaldırılsın. Sülh danışıqlarının getdiyi bir dövrdə, danışıqlar mərhələsində Ermənistanın Azərbaycanla sərhəd ərazilərdə, Naxçıvanla sərhəd bölgədə metallurgiya zavodunu inşa etməsi və zavodun zərərli tullantılarının Azərbaycan çayına axıdılmasına laqeyd qalmaq olmazdı. Bu, erməni vəhşiliyinin, erməni yaramazlığının bariz nümunəsidir. Əlbəttə, bunun qarşısının alınması üçün dövlət müəyyən addımlar atır. Biz də hesab etdik ki, Azərbaycanda fəaliyyət göstərən bir qrup ictimai təşkilatların nümayəndələrinin BMT başda olmaqla bütün beynəlxalq qurumlara ermənilərin ekoloji terroru ilə bağlı müraciət ünvanlaması zəruridir. Söhbət təkcə Azərbaycandan yox, həm də bölgədən – Cənubi Qafqaz regionunun ekologiyasından gedir. Bölgədə çayların bir-biri ilə əlaqəsini nəzərə alsaq, metallurgiya zavodunun regionumuza vuracağı ciddi zərəri əvvəlcədən görməmək mümkün deyil”.

Ç.Qənizadə vurğulayıb ki, buna laqeyd qalmaq, biganə yanaşmaq özü cinayətdir: “Çox haqlı olaraq Azərbaycanın müəyyən QHT-si bu addımı atıblar. Bunun nə dərəcədə qəbul ediləcəyi, müraciətimizə reaksiyanın necə olacağı beynəlxalq qurumların öz vicdanına qalıb. Ancaq belə bir müraciət beynəlxalq təşkilatların ünvanlarına daxil olduqdan sonra onlar buna laqeyd yanaşa bilməzlər. Hər halda məsələ ilə bağlı çox ciddi faktları ortaya qoymuşuq və müraciətimizdə bunları əsaslandırmışıq. Çünki beynəlxalq təşkilatların yerləşdikləri ölkələrin qanunlarında vətəndaş cəmiyyətlərinə hər zaman xüsusi önəm verilib. Ermənistanın hərəkətləri ekologiyaya qarşı terror kimi dəyərləndirilməlidir”.