Əhmədi bu iki aqibət gözləyir – Hüquqşünas açıqladı

“Hazırda istintaq gedir. Yəqin ki, ailəsini qətlə yetirən Əhməd Əhmədov məhkəmənin hökmü ilə həbs olunacaq”.

Bu sözləri Globalinfo.az-a vəkil Mehman Muradlı 5 ailə üzvünü öldürən Əhməd Əhmədovun hansı cəzanı alacağı barədə danışarkən deyib.

“Qatil məhkəmə qarşısına çıxarılacaq və məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum ediləcək”.

Hüquqşünas Şamil Paşayev qatilin həbs olunmama ehtimalına diqqət çəkib:

“Cinayət işi ilə bağlı ekspertiza keçiriləcək. Məhkəmə psixiatrik və psixoloji ekspertizası rəy versə ki, hadisəni törədən şəxs cinayət törətməmişdən əvvəl anlaqsız vəziyyətdə olub və etdiyi hərəkətin mahiyyətini dərk etməyib, o zaman qətl törədən adam cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin şəxs barəsində istintaq orqanı araşdırma apardıqdan sonra məhkəməyə məcburi tibbi tədbirlərin tətbiq edilməsilə bağlı qərar göndərir. Məhkəmədə də aidiyyəti qaydada onu cinayət məsuliyyətinə cəlb etmirlər. Belə hallarda adətən, o şəxsin stasionar qaydada psixiatrik xəstəxanada müalicə olunması ilə bağlı qərar qəbul olunur. Ailəsini öldürən adam 6 aydan bir təkrar müayinə olunur, əgər xəstəliyi keçməyibsə, davamlı olaraq həkim nəzarətində müalicə alır, yox, əgər keçibsə, həbsə göndərilir”.

Zaira Akifqızı
Globalinfo.az