Düyməyə basılıb: Paşinyana siyasi qəsd? – Həmin vaxta 8 gün qaldı…

Xəbər verdiyimiz kimi, dekabrın 22-də “Dağlıq Qarabağ Respublikası”nın “prezidentinin” müşaviri Vladimir Qriqoryan “Azadlıq Radiosu”nun Ermənistan xidmətinə “qurumun” buraxılması haqqında fərmanın artıq olmadığını bildirib.

Onun sözlərinə görə, buna əsas “prezidentin” 19 oktyabr tarixli, bütün “hökumət, parlament üzvlərinin, Təhlükəsizlik Şurası katibinin, hüquq-mühafizə orqanlarının, Stepanakert merinin və inzibati rayon başçılarının ictimai əsaslarla öz vəzifələrində qalması” haqqında “fərmanıdır”.

Şahramanyanın “fərmanında” həmçinin deyilir ki, 1 oktyabr 2023-cü il tarixindən sonra “DQR”nın adından verilən sənədlər etibarlıdır. Rəsmi İrəvan hələlik bu bəyanatlarla bağlı şərh verməyib.

Maraqlıdır, separatçılar niyə indi fəallaşdılar? Babayanın, Şahramanyanın son açıqlamaları fonunda Türkiyə və Azərbaycanla normallaşma prosesi uzana bilərmi? Paşinyan sülhə imza atacağı təqdirdə onun devrilməsi, Ermənistanda ictimai rəyin manipulyasiya edilərək hökumətə qarşı yönləndirilməsi real görünürmü? Separatçıların belə potensialı varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Azərbaycan ərazilərini könüllü tərk edən ermənilər əslində bunu həm də separatçıların təhriki ilə edib:

Elçin Mirzəbəyli

“Bu insanlar daha sonra Ermənistan hökumətinin onlar üçün ayırdığı sərhəd ərazilərində yaşamalı oldu. Lakin bir çoxu bundan imtina edərək paytaxt İrəvan və ətrafına yerləşdi. Bu çox öncədən icra edilən bir ssenari idi.

İndiki şəraitdə separatçıların hərəkətə gətirilməsində müxtəlif qüvvələrin maraqları var. Şahramanyanın imzaladığı sənədə görə yanvarın 1-nə qədər separatçı qurumların hamısı buraxılmalıdır. Bu tarixə çox az bir müddət qalıb. Görünür, separatçılar bu addımlarını dəyişmək üçün çalışır.

Məsələ bundadır ki, Ermənistanda Azərbaycan ərazisini təhdid edən bütün faktorların dirçəlməsi Bakıdan çox İrəvana real təhdid yaradır. Separatçıları himayə edənlər də bunu bilir. Paşinyan da bunun fərqindədir və dəfələrlə bildirib ki, qondarma qurumlar fəaliyyət göstərəcəkləri təqdirdə Ermənistan üçün ciddi təhlükələr yaranacaq.

O ki qaldı bu gün separatçı qüvvələri aktivləşdirənlərə, bunlar regional aktorlar da ola bilər, regiondan kənar aktorlar da. Lakin reallıq ondan ibarətdir ki, separatçılar nə Azərbaycana real təhdiddir, nə də sülh prosesinə mane olacaq gücə malikdir”.

Turan Rzayev
Globalinfo.az