Düşünürlər ki, Putin bizə zərbə vura bilər – Siyavuş Novruzov

Son günlər siyasi kluarlarda müzakirə edilən əsas məsələ iyunun 1-də Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalıdır. Proses çərçivəsində əsas məsələ isə müxtəlif dairələrin müqavilənin hansı platformada imzalanacağına diqqət çəkməsidir. Vaşinqton, Brüssel və Moskva platformalarında müxtəlif detallar üzərində danışıqlar aparılsa da, nəticə ilə bağlı ətraflı məlumat verilmir.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, sülh müqaviləsinin imzalanması üçün ciddi əsaslar var:

“Paşinyan parlamentdə çıxışı zamanı elan etdi ki, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazisi 86.6 min kvkm-dir. Bu, Ermənistan hakimiyyəti tərəfindən heç vaxt etiraf edilməmişdi. Bu dəfə rəsmi qaydada etiraf etdilər və son protokola imza atdılar. Azərbaycanın irəli sürdüyü 5 şərtdən biri bu idi – ərazi bütövlüyünün tanınması və təsdiq olunması. Bu da oldu. Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycan özü öz məsələsini həll edir. Yolların açılması, iqtisadi əlaqələrin bərpası, kommunikasiyaların qurulması isə sonranın işidir.

Bəzən Moskvada görüş keçirilməsindən narahat olurlar. İnsanlar fikirləşir ki, Putin bizə zərbə vura bilər, amma inanmıram ki, nəsə edə bilsin. Sadəcə, bu gün hər kəs istəyir ki, közü öz qarşısına çəksin. Ad olsun ki, sülh sazişinin imzalanmasında filan ölkə əsas rol oynaydı. Yəni bir sözlə,  dava yorğan davasıdır. Avropa bu məsələdə özünün əsas rol oynadığını deyir, ABŞ onun sözünün daha keçərli olduğunu söyləyir, Rusiya belə, Fransa elə…”

Deputat qeyd edib ki, Bakı üçün əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır:

“Düşünürəm ki, yaxın günlərdə sülh sazişi imzalana bilər. Ən azından gedişat bunu deməyə əsas verir. Baş nazir müavinlərinə də tapşırıqlar verildi ki, növbəti həftə detalları təkrar müzakirə etsinlər. Bunlar həll olunduqdan sonra yekun sənəd ortaya qoyulacaq”.

Zaira Akifqızı
Globalinfo.az