Ukrayna mövcud şərtlərdə atəşkəsə hazırdır, amma bunun üçün ABŞ-dan təhlükəsizlik zəmanəti və Avropa İttifaqına (Aİ) üzvlük istəyir.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə İtaliyanın “Corriere della Sera” qəzeti çıxış edib.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski son bir ayda ikinci dəfə İtaliyaya səfərə gedib. Onun Avropada Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Almaniya liderləri və Britaniyanın Baş naziri Kir Starmerlə ilə görüşləri nəzərdə tutulub. Zelenski həmçinin Vatikana da getməyi planlaşdırıb.
Qəzet yazır ki, Ukrayna prezidentinin bu aktivliyi sülhü bərpa etmək istəyi ilə bağlıdır:
“Zelenski çalışır ki, avropalıları siyasi səviyyədə inandırsın. O, işğal olunmuş ərazilərdən rəsmi şəkildə heç vaxt imtina edə bilməyəcəyini anlayır. Amma o, hazırkı cəbhə xətti boyunca atəşkəsə hazırdır. Əvəzində isə Qərbin öhdəliklər götürməsini istəyir. Kiyevin planında olan ABŞ-ın Yaponiya, Cənubi Koreya və Filippinə verdiyi təhlükəsizlik zəmanətinin eynisini ona da etməsidir”.
Əliyar Xəlil
Globalinfo.az