Fransa 15-17 iyun tarixlərində sadəcə G7 sammiti çərçivəsində liderlərin görüşünə deyil, bir çox tarixi ana ev sahibliyi etdi. ABŞ Prezidenti Donald Trampın İranla sazişi imzalaması, dəfələrlə haqlarında qalmaqallı fikirlər səsləndirdiyi Fransa Prezidenti Emmanuel Makronla görüşü və onun xanımı Bricit Makronla bir araya gəlməsi maraqla izlənildi.
Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin sammitdə iştirakı və bundan dərhal sonra Moskvaya dəhşətli hücumların başladılması gündəm oldu.
Meloni-Modi xətti
Dünya liderlərinin çəkinmədən heyranlıqlarını bildirdikləri, hazırda ən sevilən və nüfuzu artmaqda olan liderlərdən İtaliyanın Baş naziri Corciya Meloninin iştirakı isə sammitin ən maraqlı məqamlarından idi. Siyasi mövzularda müzakirələr bir yana, Meloninin Tramp və digər liderlərlə davranışı xüsusi diqqət çəkirdi. Onun hətta əlini belinə qoyaraq liderləri kənardan arxayınlıqla dinləməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Lakin paralel olaraq Meloninin Hindistanın Baş naziri Narendra Modi ilə dialoqu, onun yanındakı davranışları daha diqqətə layiq idi.
Ümumiyyətlə, Meloninin hazırda ən yaxın olduğu, səmimi ünsiyyət qurduğu, bütün məsələlərdə rahat fikir mübadiləsi apardığı lider, mənə görə, Narendra Modidir. İkilinin münasibətləri bu G7-də də xüsusi izlənilirdi. Meloni hər nə qədər mehriban davransa da, hər kəslə təbii olaraq qoruduğu bir səddi var. Hətta nəzakət məqsədi ilə dəfələrlə qarşısında diz çökən Albaniyanın Baş naziri Edi Rama ilə belə. Lakin Modi ilə hər görüş və müzakirələrində vəziyyət dəyişir. İkilinin dostluğu, zarafatları, bir sıra mövzularda həmfikir olması xüsusilə Hindistan ictimaiyyətində maraqla qarşılanır. Hətta İtaliyanın baş naziri Modinin dünya liderləri arasında ən yaxın dostu adlandırılır.
Tramp-Modi detalı
Başqa bir məsələ isə Trampın Narendra Modi ilə birgə açıqlamasıdır. ABŞ və Hindistan arasında soyuqluğun olduğu söhbətlərindən sonra ikilinin görüşü diqqət çəkib. Daha əvvəl Rusiyadan neft alışının dayandırılması üçün səsləndirdiyi təhdid bəyanatları zamanı Hindistanı “ölü iqtisadiyyat”, “cəhənnəm çuxuru” adlandıran Trampın Modi ilə bağlı sözləri isə gündəm olub. Hindistanla ticarət sazişinin imzalanma ehtimalı ilə bağlı suallara cavab verən Tramp, Modini göstərərək deyib: “O, çox xoş görünüşlü biridir, mələk kimidir, amma həm də bir qatil qədər sərtdir. O, qatildir, yaxşı göründüyü üçün sizi təəccübləndirir”.
ABŞ lideri həmçinin Modinin rəhbərliyi dövründə Hindistana hücum olacağı təqdirdə, bu ölkəyə dəstək verəcəyini deyib. Bu mesaj birbaşa Pakistana ünvanlı dəyərləndirilib. Amma bir maraqlı məsələ var. İran və ABŞ arasında sazişin əldə olunmasında ən əsas vasitəçi, rabitəçi olan tərəf Pakistandır. Hətta İsrailin israrlarına rəğmən müharibənin bitməsini çox istəyən Tramp, özü Pakistana və Qətərə oynadıqları rol üçün təşəkkür edib. Bir tərəfdə İslamabadın güclənən mövqeyi, artan siyasi roluna vurğu edilir, digər tərəfdən Dehliyə dəstək mesajı Pakistana xəbərdarlıq kimi dəyərləndirilir. Hazırda Pakistanda da, Hindistanda da maraqlı vəziyyət var. Amma xüsusilə Hindistanda BJP hökumətinin növbəti daxili-siyasi seçimləri maraqlıdır. Çünki bir müddət əvvəl tutulan dini-siyasi xətt nisbətən yumşalmış kimi görünür. Səbəb isə yeni nəsillə dəyişən auditoriyanın səsinin artıq fərqli çıxmasıdır.
Hindistan sadəcə zəngin tarixə və mədəniyyətə malik ölkə deyil, həm də rəngarəng və dünya nizamında güclü mövqeyə sahib siyasətə malikdir. Dehlinin xüsusilə BJP hakimiyyəti dövründə xarici və daxili siyasətlə bağlı qərarları bəzən qalmaqal doğurur bəzən isə təqdir edilir. Pakistanda vəziyyət bundan nisbətən fərqlidir. Hər iki ölkənin gələcəkdə yenə qarşı-qarşıya gələcəyi şübhəsizdir. Amma hazırda Dehli də, İslamabad da maksimum şəkildə xarici əlaqələri genişləndirməyə, iqtisadiyyat yarışı içində olmaqla ölkələrini möhkəmləndirməyə, hərbi potensiallarını artırmağa çalışırlar. Amma ikisinin də hazırda əsas diqqət etdiyi başqa bir məsələ də var: kadr potensialı, yeni dünya trendləri ilə ayaqlaşma planları. Bütün bunların fonunda isə sərhəddə vəziyyət yenə də həssas olaraq qalır.
Ayşən Mustafa
Globalinfo.az