Screenshot 2026 06 23 230637 3

Dünya çempionatının qrup mərhələsində bu gün azarkeşləri iki maraqlı qarşılaşma gözləyir. Gecənin ən diqqətçəkən oyunu isə Fransa ilə Norveç arasında baş tutacaq.

Globalinfo.az xəbər verir ki, ABŞ-ın Foksboro şəhərindəki “Gillette Stadium”da keçiriləcək görüşdə qrupun iki favoriti birincilik uğrunda mübarizə aparacaq.

Hər iki komanda ilk iki turdan maksimum – 6 xal toplayıb. Fransa əvvəlcə Seneqalı 3:1, daha sonra İraqı 3:0 hesabı ilə məğlub edib. Norveç isə İraqı 4:1 hesabı ilə üstələyib, Seneqalla dramatik keçən görüşdə 3:2 hesablı qələbə qazanıb.

Hər iki yığma artıq pley-offa vəsiqəni təmin etsə də, bu görüş qrup liderini müəyyənləşdirəcək. Heç-heçə Fransa millisini ilk pillədə saxlayacaq.

Qarşılaşmanın əsas diqqət mərkəzində isə iki dünya ulduzu – Kilian Mbappe və Erlinq Holland olacaq. Yığmalarının tarixində ən məhsuldar bombardirlər olan futbolçular cari mundialda da hərəyə 4 qol vurublar.

Mbappe üçün bu oyun həm də tarixi rekord baxımından xüsusi əhəmiyyət daşıyır. Fransız hücumçu dünya çempionatları tarixinin bombardirləri siyahısında Lionel Messiyə (18 qol) yaxınlaşıb və hazırda aktivində 16 qol var.

Sabaha keçən gecə isə daha bir maraqlı qarşılaşma baş tutacaq. İspaniya millisi Uruqvayla üz-üzə gələcək.

Hazırkı Avropa çempionu olan İspaniya iki turdan sonra 4 xalla qrup lideridir və pley-offa yüksəlmək üçün əlverişli mövqedədir. Marselo Byelsanın rəhbərlik etdiyi Uruqvay isə cəmi 2 xal toplayıb və növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə qazanmalıdır. Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə uğursuz oyunlardan sonra Cənubi Amerika təmsilçisini bu dəfə daha çətin sınaq gözləyir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: