WhatsApp Image 2026 09 01 at 12.40.35

Globalinfo.az Modern.az xəbər portalının yaradılmasının 17 illiyi münasibətilə saytın təsisçisi Elşad Eyvazlı ilə müsahibəni təqdim edir:

– Elşad bəy, Modern.az-ın 17 illik fəaliyyətini necə dəyərləndirirsiniz?

– Bu suala biz cavab verə bilmərik. Daha doğrusu, bizim cavab verməyimiz doğru olmaz. Oxucuların, jurnalistlərin mövqeyi daha vacibdir. Əlbəttə, 17 il media üçün kiçik rəqəm hesab oluna bilməz, saniyələrlə işlədiyimizi düşünəndə 17 il bir əsrlik tarix uzunluqda gəlir adama.

Modern.az 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayanda əlimizdə nə 17 illik təcrübə, nə böyük arxiv, nə də bugünkü oxucu auditoriyası var idi. Amma inanırdıq ki, yaxşı jurnalistika ilə oxucunun etimadını qazanmaq olar.

İndi geriyə baxanda görürəm ki, Modern.az-ın ən böyük qazancı heç vaxt xəbər sayı olmayıb. Ən böyük qazancımız etibar olub. Çünki xəbər bir gün oxunur, sabah unudulur. Amma etibar illərlə qurulur və bir səhv addımla itirilə bilər.

Biz 17 il ərzində Azərbaycanın dəyişən gündəminin içindən keçmişik. Ölkənin siyasi həyatında, Qarabağ məsələsində, müharibədə, Zəfərdə, regiondakı dəyişikliklərdə, cəmiyyətin gündəlik həyatında baş verən hadisələrdə olmuşuq. Yüz minlərlə xəbər, müsahibə, reportaj, araşdırma və müəllif yazısı 17 ilin yaddaşına çevrilib.

Doğrusu mən geridə qalan 17 ilə baxanda daha çox çatışmazlıqlarımızı görürəm. Media rəhbəri üçün ən təhlükəli şey özündən razı qalmaqdır. Odur ki, hesab edirəm 17 yaşa çatmaq uğurdur, amma 17 yaşında dayanmaq təhlükədir.

– Bəs keçdiyiniz yolun əvvəlində qarşıya qoyduğunuz məqsədlərə nail ola bildinizmi?

– Tam nail olsaydıq bu gün fəaliyyət göstərməzdik. Ümumən, müəyyən mənada nail olmuşuq deyə bilərik. Amma məqsədlərin hamısına çatdıq desəm, özümüzə qarşı ədalətsizlik etmiş olaram. Çünki media elə bir sahədir ki, burada son dayanacaq yoxdur. Burada ancaq başlanğıc var.

17 il əvvəl məqsədimiz etibarlı, operativ, obyektiv və fərqli xəbər platforması yaratmaq idi. Zaman keçdikcə bu məqsədin miqyası böyüdü. Bir yaşımızda özümüzə “biz kimik?” sualını verirdiksə, 17 yaşımızda “sabah daha yaxşı ola bilərik?” sualını veririk. Bu, çox ciddi fərqdir.

Mən həmişə hesab etmişəm ki, jurnalistikanın ən böyük kapitalı oxucunun sənə inanmasıdır. Biz ucuz sensasiya hesabına bir günlük reytinq qazanmaq əvəzinə uzunmüddətli etimadı seçməyə çalışmışıq. Bu prinsipin nəticəsini illər sonra görmək mümkündür.
Mənim üçün bir başqa mühüm göstərici də Modern.az-dan jurnalistikaya başlayan insanların sonradan müxtəlif media qurumlarında öz sözlərini deməsidir. Media yalnız xəbər istehsal etmir, jurnalist də yetişdirir. Əgər sənin redaksiyandan çıxan bir gənc illər sonra peşəkar jurnalist kimi fəaliyyət göstərirsə, bu, həmin redaksiyanın tarixində ayrıca bir uğurdur.

Modern.az Azərbaycan mediasında qeyri-adi yanaşması ilə seçilən qüvvədir. Elə məqamlar var ki, onları biz mediaya gətirmişik. Ancaq bir dəfə də olsun bunu səsləndirməmişik. Bilirsiniz, mənə görə, istər şəxs, istərsə də hansısa qurum özünü səs-küylə göstərirsə, deməli onun hədəflərində, hədəfə çatmaq potensialında problemlər var. Sən öz işinlə məşğul olanda güclü olursan.

– 17 il ərzində media çox dəyişib. Sizcə, Modern.az bu dəyişikliklərə nə qədər uyğunlaşa bilib?

– Tək media dəyişmədi, media ilə birlikdə insanın xəbər qəbul etmə vərdişi dəyişdi. 2009-cu ildə oxucu xəbəri saytdan oxuyurdu. Bu gün xəbər saytla bitmir. Görürsən ki, xəbər sosial şəbəkədə yaşayır, videoya çevrilir, qısa formata düşür, müzakirəyə açılır, bəzən bir cümlə ilə milyonlarla insana çatır.
Əvvəllər jurnalistin əsas aləti bloknot, diktofon və kompüter idisə, bu gün onun əlində telefon, kamera, montaj proqramı və sosial media hesabları da var.
Ona görə də müasir jurnalist yalnız yaxşı yazan adam olmamalıdır. O, həm də gördüyü hadisəni düzgün hiss etməli, onu düzgün təqdim etməli və doğru auditoriyaya doğru formada çatdırmağı bacarmalıdır.
Bu günün jurnalisti işini bir xəbəri yazmaqla tamamlanmış hesab edə bilməz. Bilməlidir ki, bu xəbər sosial şəbəkədə necə təqdim olunacaq, hansı başlıqla daha düzgün anlaşılacaq, video formatında necə danışılacaq, hansı sualı doğuracaq. Sürət isə ən önəmlisidir. Sürətli olmaq olar, amma tələsik olmaq qazandığın etibarı əlindən alacaq.
Bizim üçün yeni media dövründə əsas məsələ texnologiyadan istifadə edək, amma jurnalistikanı texnologiyaya qurban verməməkdir.
Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu gün Azərbaycanda yeni media ilə işləmək prinsiplərini ən yaxşı bilən jurnalistlərdənəm. Bunu 82 ölkədə təmsilçisi olan Qlobal Jurnalistlər Şurasında xarici media üzrə rəhbər olmağım qazandırıb. Hətta YouTube ilə bağlı Türkiyədə öyrəndiklərim bizi bu bazarda birinci edib. Sadəcə, məndə bir xüsusiyyət var, nəyisə hətta ən yaxşı bilirsənsə belə, özünü önə çəkməyəcəksən.

– Qarşıdakı əsas hədəfləriniz nələrdir?

– Açığını desək, sosial medianın hər an yenilənən alqoritmləri hamını təntidir. Bu, Azərbaycanda belədir, Türkiyədə də, başqa ölkələrdə də…
Konkret özümüzə gəlincə, növbəti mərhələdə mən Modern.az-ı yalnız xəbər oxunan sayt kimi görmək istəmirəm. Modern.az xəbərin istehsal edildiyi, izah edildiyi, müzakirəyə çıxarıldığı və müxtəlif formatlarda təqdim olunduğu media platformasına çevrilməlidir. Bu gündən o məsələyə ciddi start vermişik. Sosial media bizim üçün əlavə istiqamət yox, artıq əsas media məkanıdır.

İndi müxbir yazan jurnalist olmamalıdır. Müxbir mövzunun içində görünməyi, danışmağı, izah etməyi bacarmalıdır. Bizim qarşımızda jurnalistdən media simasına keçid məsələsi dayanır.
Video jurnalistikanı daha da gücləndirmək, sosial şəbəkələr üçün xüsusi kontent hazırlamaq, qısa və sürətli video formatlarından istifadə etmək, reportajı yalnız mətn kimi deyil, görüntü və səs vasitəsilə də çatdırmaq istəyirik.

Eyni zamanda süni intellekt və yeni texnologiyalar qarşısında da qapalı qala bilmərik. Amma mən süni intellektə jurnalistin əvəzi kimi yox, jurnalistin imkanlarını genişləndirən alət kimi baxıram.
Texnologiya xəbəri daha sürətli hazırlaya bilər. Amma hansı xəbərin cəmiyyət üçün əhəmiyyətli olduğunu, hansı sualın verilməli olduğunu, bir insanın ağrısının necə təqdim edilməli olduğunu hələ biz müəyyən edirik.

– Növbəti mərhələdə bizi necə bir Modern.az qarşılayacaq?

– Sualınıza yuxarıda qismən cavab verdim. Daha sürətli, daha çevik, daha vizual və sosial şəbəkələrdə daha güclü Modern.az görəcəyik. Amma Modern.az-ın xarakterini dəyişmək fikrində deyilik. Brendi saytın dizaynı yox, illər ərzində qazandığı davranış formalaşdırır.
Biz daha çox video hazırlaya, yeni platformalara keçə bilərik. Süni intellektdən istifadə edərək yeni texnologiyalar tətbiq edə bilərik. Amma bütün bunların arxasında yenə də oxucuya doğru məlumat vermək prinsipi dayanmalıdır.

Bu gün Modern.az Azərbaycanla məhdudlaşan informasiya platforması olmaq istəmir. Bu istiqamətdə dil imkanlarımızı da genişləndirmişik. Hazırda portal Azərbaycan, ingilis, rus, türk, fars, özbək və erməni dillərində fəaliyyət göstərir. Bu da Azərbaycanın həqiqətlərini daha geniş auditoriyaya çatdırmaq üçün bizim üçün yeni imkanlar yaradır.
Mən hesab edirəm ki, qarşıdakı illərdə Modern.az-ın ən böyük rəqabəti digər saytlarla olmayacaq. Ən böyük rəqabət oxucunun diqqəti uğrunda olacaq. Çünki bu gün insanın qarşısında minlərlə informasiya var. Bizim işimiz minlərlə informasiyanın arasına daha bir xəbər əlavə etmək olmamalıdır. Oxucuya “məhz bunu oxumağa dəyər” dedirdəcək jurnalistika yaratmalıyıq.

– Sonda Modern.az-ın 17 yaşı ilə bağlı nə demək istərdiniz?

– 17 il əvvəl biz bir sayt yaratdıq. Bu gün isə anlayırıq ki, əslində bir saytla birlikdə 17 illik bir tarix yaratmışıq. Bu yaddaşdır və bizimlə çalışan hər bir jurnalistin burada böyük əməyi var.
Onu xüsusi vurğulamaq lazımdır ki, Modern.az-ı bu günə gətirən tək rəhbərlik və kollektiv deyil. Bizi oxuyan hər bir insan bu 17 illik tarixdə öz payını qoyub. Mən 17 yaşımızda “biz hər şeyi bacardıq” demək istəmirəm. Əksinə, deyirəm ki, biz hələ çox şeyi bacarmırıq və yolun ortasındayıq.
17 yaş media üçün gənc yaşdır. Qarşımızda daha böyük məsuliyyət, sürətli texnologiyalar, sərt rəqabət və dəyişkən oxucu var. Amma bir üstünlüyümüz də var ki, arxamızda 17 illik təcrübə dayanır. Mənim üçün Modern.az-ın 17 illik yubileyində deyəcəyim fikir budur ki, biz keçmişimizlə fəxr edə bilərik, amma gələcəyimizlə yarışmalıyıq. Çünki media hər səhər yenidən başlayır. Dünənki uğur bu günün xəbərini yazmır. Hər gün yenidən qazanılmalı olan şey isə oxucunun etimadıdır. Modern.az-ın 17 il əvvəl başladığı yolun əsas məqsədi dəyişməyib: doğru sözü vaxtında tapmaq və oxucuya çatdırmaq yenə də əsas qayəmizdir. Yeni dövrdə doğru sözə gedən yol daha sürətli və çətindir. Böyük məsuliyyət tələb edir. Biz buna hazırıq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: