“Müzakirə etdiyimiz qanun, cəmiyyətimizin çox ağrılı bir məsələsinə toxunur. Hüquq dilində buna maraqlar toqquşması, xalq dilində isə qohumbazlıq, dostbazlıq, yerlibazlıq, adamı olmaq, arxası olmaq deyilir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev “Maraqlar toqquşması haqqında” qanun layihəsindən danışarkən deyib.
O qeyd edib ki, Azərbaycanda bəzən bir nəfərin vəzifəyə təyin olunması onun bütün ətrafının karyera yüksəlişinin başlanğıcına çevrilir:
“Qohumlar, dostlar, tanışlar irəli çəkilir, illərlə həmin qurumda çalışan peşəkar insanlar isə gözümçıxdıya salınır, sıxışdırılır, hətta işdən getməyə məcbur edilir. Bir insanın vəzifəyə gəlməsi niyə başqa onlarla insanın karyerasının sonu olmalıdır? Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir?
Məsələ heç də məmurun qohumunun vəzifəyə təyin edilməməsi deyil. Onun da işləmək, yüksəlmək və uğur qazanmaq hüququ var. Məsələ odur ki, o, həmin vəzifəyə öz biliyi və bacarığı ilə gəlib, yoxsa qohumunun səlahiyyətləri hesabına? Bu qanun həm də cəmiyyətdə geniş yayılmış “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən» düşüncəsini dəyişməyə xidmət etməlidir”.
Deputat bildirib ki, valideyn övladına yaxşı təhsil vermək barədə düşündüyü qədər onu işə düzəlmək üçün adam axtarmaq barədə də düşünməməlidir:
“Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox. Qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də mənəvi və psixolojidir. Haqqı tapdalanan insanın dövlətə, ədalətə və öz gələcəyinə inamı azalır. Bacarıqlı insanlar həvəsdən düşür, ölkədən getmək istəyir, bacarıqsız insanlar isə himayədar axtarmağı uğur qazanmağın yolu hesab edirlər.
Bir də məsələnin əks tərəfi var. Maraqlar toqquşması yalnız kiməsə qanunsuz üstünlük vermək deyil, şəxsi münasibətlərə görə kimisə qanuni imkanlardan məhrum etməkdir. Məmurun xoşlamadığı, onu tənqid edən, onunla şəxsi münasibətləri yaxşı olmayan insanın hüquqları da eyni dərəcədə qorunmalıdır. Dövlət məmuru öz dostuna da, öz rəqibinə də eyni qanunla yanaşmağı bacarmalıdır”.
R.Nurullayev əlavə edib ki, qanun qəbul etməklə yanaşı, idarəçilik fəlsəfəsini də dəyişməliyik:
“Vəzifəyə təyin olunan şəxs anlamalıdır ki, ona qohumlarının, dost-tanışlarının güzəranını yaxşılaşdırmaq deyil, xalqın problemlərini həll etmək üçün səlahiyyət verilib. Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil. Bu qanunun nəticəsini o zaman görəcəyik ki, vətəndaş işə düzəlmək, vəzifədə yüksəlmək, sahibkarlıqla məşğul olmaq və öz haqqını almaq üçün daha qapı-qapı düşüb adam axtarmayacaq”.
Safura Bənnayeva
Globalinfo.az