baki foto 1

Son vaxtlar Qazaxıstanda qara yara xəstəliyinin sürətlə yayılması ölkədə ciddi narahatlıq yaradıb. COVID-19 pandemiyasından sonra gündəmə gələn bu təhlükə Azərbaycanda da insanların diqqətini çəkir.

Qara yara yoluxucudurmu? Bu xəstəlik nədən yaranır və ölkəmizdə də yayıla bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan infeksionist Ləman Qalimova bildirib ki, qara yara bakterial infeksiyadır.

Onun sözlərinə görə, bu xəstəlik Bacillus anthracis bakteriyası (antraks) tərəfindən törədilir:

“Ən çox rast gəlinən forma dəridə müşahidə olunur. Lakin ağciyər və həzm sistemini zədələyən formaları da mövcuddur. Təxminən 95 faiz hallarda dəri ilə təmas nəticəsində keçən forma qeydə alınır. Adətən baytarlar və heyvandarlıqla məşğul olan şəxslərdə daha çox rast gəlinir. Yoluxmuş insanla təmas zamanı başqalarına da keçə bilər”.

leman qalimova

Ləman Qalimova

İnfeksionist əlavə edib ki, təmas zamanı xüsusilə diqqətli olmaq vacibdir:

“Qara yara hər zaman mövcud olan bir infeksiyadır. Bu səbəbdən yayılma ehtimalı var. Heyvanlarla işləyən insanlar gigiyenik qaydalara ciddi əməl etməlidirlər. Xəstəliyə qarşı peyvənd mövcuddur və bu sahədə çalışan şəxslərə peyvənd olunmaları tövsiyə olunur. Bu, yoluxmanın qarşısını almaq üçün effektiv üsuldur. Diaqnoz isə əsasən qan analizi və yaxud da yaradan götürülən sürüntü ilə müəyyən olunur. Qara yara müalicəolunan infeksiyadır və antibiotiklərlə müalicəsi mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: