Dəyərlərimizi qoruyub saxlamaq üçün mütləq bu addımı atmalıyıq…

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə, mədəni irsə malik olan xalqlarındandır. Bir dövlətin dünyada tanınması üçün onun qədim adət-ənənələrinin, elm və milli mədəniyyətinin qorunub saxlanılması, beynəlxalq ictimaiyyətdə təbliğ olunması mütləqdir. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi, “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”. Bəs görəsən, bu gün biz həmin milli adət-ənənələrimizi, dövlətçiliyimizi, tariximizi, elm və mədəniyyətimizi qoruyub saxlaya bilirikmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bu gün dünyada çox ciddi proseslərin getdiyini bildirib:

“Milli mədəniyyətlərin, dəyərlərin deqradasiyaya uğradılması, məhv edilməsi üçün çox ciddi addımlar atılır və cəhdlər edilir. Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox ciddi addımlar həyata keçirilir. Bu gün biz özümüz də tariximizin, milli-mədəniyyətimizin, elm mədəniyyətinin təbliğ olunması istiqamətində böyük addımlar atmalıyıq. Bunun üçnü orta məktəblərdə, ali təhsil müəssisələrində məhz bu məsələyə önəm verilməlidir. Bunlar mütləq xüsusi nəzarətdə, diqqətdə saxlanılmalıdır. Həm dərsliklərimizdə, həm müxtəlif tədbirlərdə, həm görüşlərdə davamlı olaraq gənclərimizə bilgi və məlumat verilməlidir. Bu, çox önəmli bir məsələdir”.

Ceyhun Məmmədov

C.Məmmədov deyib ki, təbliğat yalnız təhsil ocaqlarında deyil, mütləq  televiziyalarımızda da aparılmalıdır:

“Televiziyalarda fəal işlər aparılmalıdır, davamlı olaraq verilişlərimizdə ənənələrimiz, tariximiz, dəyərlərimiz çox ciddi təbliğ olunmalı, öyrənilməli və eyni zamanda bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Bunları etməliyik ki, gənclərimiz bizim öz dəyərlərimizə bağlı olsunlar. Təssüf ki, bəzən televiziyalarımızın şouya, əyləncəli verilişlərə daha çox meyl göstərməsi bu prosesə mane olur”.

Deputat bildirib ki, hər bir milləti ayaqda saxlayan onun dəyərləridir:

“Biz öz dəyərlərimizi qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik ki, qarşımıza qoyduğumuz məqsəd və hədəflərə nail ola bilək. Əks halda vəziyyət çox çətin və mürəkkəb ola bilər”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Zaira Akifqızı
Globalinfo.az