İslama görə, başdaşı belə olmalıdır – İlahiyyatçı

Son vaxtlar mətbuatda, eləcə də sosial şəbəkələrdə halal-haram mövzusu müzakirə olunmaqdadır. Xüsusən bahalı məzar daşları, eləcə də təmtəraqlı yas mərasimlərinə yanaşma birmənalı deyil. Əksər insanlar artıq bunun biznesə çevrildiyini bildirirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib ki, dəbdəbəli yas məclisləri, məzar daşları dinimizdə qəti qadağandır:

“Dinə görə, başdaşı sadə və bir qarış ola bilər, ondan artıq olmamalıdır. Mərmərdən, bahalı daşlardan istifadə olunması, təmtəraqlı süfrələrin, məclislərin təşkili dinimizdə qadağan edilib. Bu gün insanlar məlum məsələdən əziyyət çəkirlər. Çıxış yolu baş verənləri insanların özlərinin anlamasıdır. Cəmiyyət bunun dinlə əlaqəsi olmadığını bilməlidir”.

Ceyhun Məmmədov

Deputat bildirib ki, digər yol əhali arasında geniş maarifləndirmə və təbliğat işinin aparılmasıdır:

“Dəbdəbəli yas mərasimi və başdaşı dinimizdə qəbuledilməzdir. Mənim yanaşmama görə, həm yas, həm toy məclislərinin tənzimlənməsi ilə bağlı normativ akta ehtiyac var. Baxmayaraq ki, onillərdir danışırıq, amma əməl edən olmur. Getdikcə yaslarda, toylarda israf artır. Məzar daşı biznesinin və bənzər məsələlərin həlli yolu normativ aktın qəbul edilməsidir”.

Zaira Akifqızı
Globalinfo.az