“Azərbaycanın regionları boşalır, əhali ancaq Bakı-Abşerona cəmləşir, bu, iqtisadi problem olmaqla yanaşı, təhlükəsizliklə bağlı da ciddi suallar yaradır”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O, bununla bağlı yeni rəqəmləri qeyd edib:
“2025-ci ildə Azərbaycan üzrə əhalinin gəlirləri 89 milyard 916 milyon manat olub. Bakı üzrə əhalinin gəlirləri 55 milyard 649 milyon manat təşkil edib. Bakı və Sumqayıt xaric Abşeron rayonunda bu rəqəm 4 milyard 959,9 milyon manat olub. Sumqayıtda əhalinin gəlirləri 2 milyard 932,4 milyon manat təşkil edib.
Beləliklə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2025-ci ildə əhalinin gəlirləri (maaş, təqaüd, sosial müavinat, icarə gəlirləri, VÖEN-lə işləyənlərin gəliri və sair) 63 mlrd. 540 mln. manat olub. Bir daha xatırladım ki, ölkə üzrə əhalinin gəlirləri 89 milyard 916 milyon manat təşkil edib.
Yəni, Bakı, Sumqayıt, Abşeronu çıxsan, ölkədə əhalinin gəlirləri cəmi 26 mlrd. 379 mln. manat təşkil edib – tək Bakı şəhəri ölkə üzrə əhalinin qazancının 62%-i edir”.
İqtisadçı bildirib ki, Bakı həm də məhz bu səbəbdən aşırı yüklənib, yaşanılmaz hala gəlib:
“Bu, regionlardan Bakı-Abşerona axın edən insanların günahı deyil”.
Əliyar Xəlil
Globalinfo.az