Deputat: “Fransa Ermənistanın Parisin ağuşuna girməsi üçün addımlar atır”

“Bütün təzyiqlərə baxmayaraq öz sifarişlərinin yerinə yetirilmədiyini görən Fransa Ermənistanın Rusiyanın forpostundan çıxarılıb Parisin ağuşuna girməsi üçün addımlar atır”.

Globalinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

“Əgər Ermənistan xalqı gələcəkdə təhlükəsiz şəraitdə yaşamaq istəyirsə, bir forpostluqdan çıxıb, digər forpostluğa girmək əvəzinə Qafqazda sülh və təhlükəsizliyin simvolu olan Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası üzərində daha çox düşünməlidir”, – o, vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycanın həyata keçirmiş olduğu müstəqil, qəti və hücum istiqamətli diplomatiyanın ən mühüm uğurlarından biri də Fransanın və digər Azərbaycana qarşı ziddiyətli, qeyri-obyektiv mövqeləri ilə ortaya çıxan dövlətlərin müxtəlif cəhdlərinin qarşısının dövlətimiz tərəfindən alınmasıdır:

“Bütün təzyiqlərə baxmayaraq öz sifarişlərinin yerinə yetirilmədiyini görən Fransa Ermənistanın Rusiyanın ağuşundan çıxarılıb Fransanın ağuşuna girməsi üçün addımlar atır. Bu, həmçinin Ermənistanın razılıq vermiş olduğu qısa müddətli Avropa Birliyi mandatının vaxtının uzanmadılmasına nail olmaq cəhdi kimi də dəyərləndirilə bilər. Prezident İlham Əliyevin də vurğuladığı kimi Ermənistan müstəqillik əldə etdiyi gündən bu günə qədər bir gün də olsa, müstəqil siyasət həyata keçirə bilməyib”.

Rusiyanın forpostu olan bir ölkənin indi ciddi cəhdlə Fransanı proseslərə daxil etməyə çalışması da Ermənistanın ikiüzlü siyasət yürütməsinin bariz nümunəsi olduğunu deyən deputat əlavə edib ki, dövlət başçısının da vurğuladığı kimi Azərbaycan Fransanın mövcud olduğu danışıqlar prosesində iştirak etməyəcək:

“Lakin Şarl Mişelin rəhbərliyi ilə keçirilən Brüssel danışıqlarına çomaq soxmağa çalışmaq da Emmanuel Makron başda olmaqla Fransanın məkrli siyasətinin tərkib hissəsi hesab oluna bilər. Belə ki, Fransa senatında Azərbaycana qarşı qəbul olunmuş qərəzli bəyanatların özü də bilavasitə Ermənistanı şirnikləndirməklə onun sülh masasına əyləşməkdən çəkindirmək məqsədi daşıyır. Azərbaycan tərəfinin böyük humanizm siyasəti həyata keçirərək təklif etmiş olduğu beş maddəlik sülh prinsipləri Azərbaycan qədər Ermənistanın özü üçün də faydalıdır”.

“Fransanın bu cür addımları Avropa İttifaqı nəzdində də müxtəlif fikir ayrılıqlarına səbəb olur. Bu isə münasibətləri sülh sazişi ilə tənzimləmə əvəzinə daha da gərginləşdirir. Sözügedən gərginlik isə Fransanın Ermənistan üzərindən öz maraqlarının təmin olunmasına xidmət edir. Rusiya tərəfinin bu məsələdə sadəcə izləmə mövqeyində dayanması da inandırıcı deyil. KTMT-nin son iclasında Putinin şəxsən iştirakı, Paşinyanın açıq-aşkar yekun səmədi imzalamaqdan imtina etməsi və bu kimi digər bir sıra məsələlər, həmçinin Azərbaycan XİN başçısının Rusiyaya səfəri zamanı mətbuat konfransında Lavrovun açıqlamaları məsələdə Rusiyanın mövqeyinin daha da gücləndirilməsi istiqamətində taktiki gedişlər həyata keçirdiyini göstərir. Bütün bunların fonunda Azərbaycan dövlətinin dik duruşu, ölkə Prezidentinin iradəsi yaxın gələcəkdə sülh sazişinin imzalanması ilə bağlı yekun sənədin hazırlanmasına gətirib çıxaracaq. Unutmaq olmaz ki, artıq bölgədə yeni güc faktoru var ki, bu da Azərbaycan-Türkiyə qardaşlığıdır”, – R. Həsən bildirib.