Növbəti köç karvanı Füzulidə: mənzillərin açarları verildi – YENİLƏNİB

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Globalinfo.az xəbər verir ki, 35 ailə olmaqla, 138 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Bununla da Füzuli şəhərində 666 ailə olmaqla, 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

***12:26

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

Globalinfo.az xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Bununla da Füzuli şəhərinə 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin ediləcək.

***08:53

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə – 138 nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Xatırladaq ki, martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.