Aktyor Corc Kluni və həyat yoldaşı Amal Kluni Fransanın cənub-şərqində yerləşən Brinyol kommunasındakı malikanələrini meşə yanğınları səbəbilə tərk ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Cütlük Brinyol meri Didye Bremona göndərdikləri məktubda evakuasiya olunduqlarını bildirərək yerli sakinlərin taleyindən narahatlıqlarını ifadə ediblər.
Onlar evlərinin yanğından salamat çıxıb-çıxmayacağından əmin olmadıqlarını da vurğulayıblar.
“Hazırda gözəl evimizin bu dəhşətli vəziyyətdən sağ çıxıb-çıxmayacağı barədə heç bir təsəvvürümüz yoxdur. Brinyolu tərk edərkən iki məqamı vurğulamaq istəyirik: ilk növbədə, ümid edirik ki, siz və şəhərimizin sakinləri təhlükəsizsiniz. İkincisi isə, nə baş verməsindən asılı olmayaraq, Amal və mən bu icmanın bir hissəsi olmaq və onun həyatında iştirak etmək üçün əlimizdən gələni edəcəyik”, – məktubda qeyd olunub.
Cütlüyün 9 yaşlı əkizləri Aleksandr və Ella da ailə ilə birlikdə ərazini tərk edib.
Qeyd edək ki, bu il Avropanın bir sıra ölkələri, o cümlədən Fransa, İspaniya, Portuqaliya, İtaliya və Yunanıstan anomal isti hava və meşə yanğınları ilə üzləşib. Fransada yanğınlar nəticəsində minlərlə insan təxliyə edilib. Brinyolun yerləşdiyi regionda da təxminən 3 min nəfərin təxliyə olunduğu bildirilir.
Əliyar Xəlil
Globalinfo.az