Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir səfir Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, eləcə də mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Səfir qəbul üçün C.Bayramova təşəkkür edib, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səy göstərəcəyini ifadə edib.

Görüş zamanı çoxtərəfli platformalar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu xüsusda, növbəti ilin mart ayında Bakıda keçiriləcək COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə məlumat verilib.

Paylaş: