Ceyhun Bayramovla Lavrov telefonda bunu müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, nazirlər bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini və Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, azərbaycanlı aktivistlərin etiraz aksiyasının Azərbaycan ərazilərində ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətinə qarşı həyata keçirildiyi və bu, habelə hərbi təxribatların qarşısının alınması barədə etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu vurğulanıb.

Yoldan humanitar məqsədlə istifadə edilməsinə bütün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfinin və Azərbaycan ərazilərində erməni sakinlərin “nümayəndələri” kimi özlərini təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin və bununla süni şəkildə guya humanitar vəziyyətdə pisləşmə təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.

X X X

Dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

Nazirlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda filiz yataqlarının qanunsuz istismar edilməsinə görə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyəti də müzakirə ediblər.

Məlumata görə, S.Lavrov üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

Nazir bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsi labüddür.