Bunu 4 ildir deyirəm, tədbir görülmür – Deputat

“Mən 4 ildir eyni məsələni səsləndirirəm, lakin heç bir tədbir görülmür, bunu da aidiyyəti qurumun yarıtmaz fəaliyyəti kimi dəyərləndirirəm”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında deyib.

Deputat şəhid valideynlərinin çoxunun ev almadan dünyasını dəyişdiyini bildirib:

“Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib. Son bir neçə ildə görüşdüyüm yaşı 70-80-i ötən şəhid valideynlərinin bir neçəsi ev sahibi olmadan dünyasını dəyişib.

Həmin valideynlərin çoxu xəstə, qoca, ahıldır. Elə bil Sosial Təminat Agentliyi gözləyir ki, bunlar dünyasını dəyişsin, onların da evlə təmin etməkdən canları qurtarsın. Halbuki, həmin valideynlərin evlə təminatına bütün maliyyə imkanları var. Son olaraq İmişlidən bir şəhid anasının videosu yayılıb. Aidiyyəti qurumların nümayəndələri şərhləri oxusunlar, məsuliyyət hiss etsinlər. Görsünlər ki, müəyyən şəxslər necə tənqid edilir. Bütün şəhid valideynləri evlə təmin olunmalıdır. Yaşı 60-dan çox olan şəhid valideynləri mütləq şəkildə evlə təmin edilməlidirlər. Dövlət onların qarşısında olan borcunu həmin insanlar dünyasını dəyişmədən yerinə yetirməlidir”.

Ayşən Mustafa
Globalinfo.az