Bu şəxs hakimiyyətə qayıtsa, dünyanın xəritəsi dəyişə bilər

ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə əsas namizədi Donald Trampın seçki öncəsi verdiyi açıqlamalar diqqət çəkir.

Tramp qeyd edib ki, Ağ Evə qayıdacağı təqdirdə həyata keçirmək istədiyi “sülh planı” həm Ukraynanı, həm də Rusiyanı sərt şəkildə hədələmək, onları dərhal danışıqlara məcbur etməkdir. Lakin bununla belə o, “əgər hər hansı NATO üzvü Alyansın tələblərindən irəli gələn ödənişləri etməsə, ABŞ həmin ölkələri Rusiya qarşısında tək qoyacaq” deyib.

Trampın bu sözləri NATO daxilində parçalanmaya səbəb ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, NATO tarixin ən böyük hərbi blokudur və SSRİ-yə qarşı alternativ alyans kimi yaradılıb:

“Alyansın Nizamnaməsinin 5-ci bəndində təsbit edilmiş prinsipə əsasən, bir üzvə hücum hamıya hücumdur və kollektiv müdafiə ilə ona cavab verilməlidir.

Trampın bunu bilib-bilməməsi o qədər önəmli deyil. O, NATO-nun saxlanılması üçün əsas xərcləri ABŞ-ın üzərindən götürməyə çalışır.

Tramp üçün vacib olan NATO sisteminə qarşı bəhanələr tapıb ABŞ-ın qlobal hegemonluğunu “parçalanmış ittifaqdan sonrakı dövr” formasında inkişaf etdirmək ola bilər.

Donald Tramp

Hər halda, Trampın dedikləri seçkiqabağı səs-küy deyil. Trampın öncəki prezidentliyi dövrünə istinad edərək onun dediklərinin gələcək real ölçülər haqqında bəyanat olduğunu görmək mümkündür.

Yəni Tramp faktiki olaraq xarici siyasətinin ifadəsində NATO əsaslı status-kvonu rədd etmək üçün hazırlıq ritorikasını nümayiş etdirir”.

Ekspert deyib ki, Tramp prezident seçiləcəyi təqdirdə NATO sistemindəki vakuum ABŞ-ın öndərliyi altında doldurulacaq və Vaşinqton öz ağır nəfəsini Avropa üzərində hiss etdirəcək:

“Görünür ki, Tramp özünün mümkün liderliyində NATO-nu dağıtmaqdan çox, onu formatlamağa köklənən mövqelərini gücləndirə bilər.

Ancaq indi üçün faktiki vəziyyət budur ki, Trampın mövqeyinin real dünyaya praktiki təsirləri hələ tam aydın deyil.

Bununla belə, Avropadakı təhlükəsizliyin möhkəmliyi Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Kiyevin aktivinə dəyişməsindən asılıdır”.

Turan Rzayev
Globalinfo.az