Bu ölkələrdən Azərbaycanın İrandakı səfirliyinə terror hücumuna reaksiya – YENİLƏNİR

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Nayef Falah Əl Həcrəf İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə bir neçə şəxsin ölümü və yaralanması ilə nəticələnən silahlı hücumu pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurası bəyanat yayıb.

“Baş katib bu faciədə Şuranın Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə həmrəyliyini bəyan etməklə yanaşı, diplomatik fəaliyyəti tənzimləyən nizamnamə və konvensiyalara uyğun olaraq diplomatik obyektlərin qorunmasının zəruriliyini vurğulayır. Zati-aliləri həlak olan şəxsin ailəsinə, qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralananların hamısının tezliklə sağalmasını arzulayır”, – bəyanatda qeyd olunub.

***

Yaponiya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yaponiya səfirliyinin feysbuk hesabında məlumat paylaşılıb.

“Yaponiyanın Azərbaycandakı səfirliyi, Tehrandakı Azərbaycan səfirliyində baş vermiş dəhşətli hadisə nəticəsində həlak olmuş və yaralanmış şəxslərin ailə üzvlərinə və Xarici İşlər Nazirliyindəki həmkarlarına başsağlığını çatdırır, xəsarət alanların tezliklə sağalmasını arzu edir”, – paylaşımda qeyd olunub.

***

Moldova parlamentinin spikeri İqor Qrosu Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə parlamentin spikeri tviter hesabında paylaşım edib.

“Azərbaycanın İrandakı səfirliyinin qətlə yetirilən əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı veririk. Ümid edirəm ki, ciddi araşdırma aparılacaq, məsuliyyət daşıyanlar və hadisənin motivləri üzə çıxarılacaq. İstənilən ölkənin vətəndaşları özlərini təhlükəsiz və müdafiə olunduğunu hiss etməyə layiqdir”, – spiker bildirib.

***

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Estoniya XİN başçısı tviterdə bildirib.

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm”, – Reinsalu qeyd edib.

***

Niderland Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Niderland XİN-in tviter hesabında paylaşım edilib.

***

Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir.

Globalinfo.az xəbər ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayır ki, Krallıq Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu bildirir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmətlə yanaşmağa çağırır və günahkarların cəzalandırılmasını tələb edir.

***

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Taha Ayxan Tehrandakı səfirliyimizə hücumla bağlı Azərbaycan xalqına başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə təşkilatın İnstaqram hesabında paylaşım edib.

“Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən və bir neçə insanın yaralanması və tələfatı ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik. İKGF Azərbaycan xalqının yanındadır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yaralılara şəfa diləyirik”.

Qurum rəhbəri həmçinin sülhə, təhlükəsizliyə və diplomatik nümayəndəliklərə hörmətlərini ifadə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

***

İordaniya Krallığının Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı İordaniya XİN bəyanat yayıb.

“Bu gün Tehranda Azərbaycan səfirliyinin heyətini hədəf almış hücumla əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk.

XİN şiddət və zorakılığın bütün formalarını, xüsusilə də diplomatik missiyaları və onların işçilərini hədəf alan hücumları rədd edir və qınayır. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, – deyə İordaniya XİN-in bəyanatında bildirilib.

***

“Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir!”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkızi Asiya Departamentinin direktoru Mattias Lüttenberq bildirib.

“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir! Bu cinayətin baş vermə şəraiti mümkün qədər tez bir zamanda araşdırılmalıdır”, – o deyib.

***

Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərin təəssüf hissi keçirir və bu hərəkəti qəti şəkildə pisləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rumıniya XİN tviter hesabında paylaşım edib.

Qeyd olunub ki, bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməlidir:

“Azərbaycana başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”.

***

Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü qəddar hücumu pisləyirik.

Globalinfo.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin Tvitterində bildirilib.

“Mərhumun ailəsinə başsağlığı veririk və yaralananların tezliklə sağalmasını diləyirik. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına hücumlar qəbuledilməzdir”, – deyə qeyd olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.