Deputat sertifikasiya imtahanında 10 balı toplaya bilməyən müəllimlərlə bağlı təklif verdi

 “Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin və ya sınağa qatılanların 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta məktəblərdə deyil, eləcə də ali məktəblərdə də təhsilin keyfiyyətinin artırılması baxımdan bir siqnaldır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, imtahanlarda iştirak edənlərin 35 faizi 50 faizdən az nəticə göstərib:

“Eyni zamanda, 223 müəllimin balı bir rəqəmli olub, yəni onlar hətta 10 bal belə toplaya bilməyiblər. Təklif edirik ki, Elm və Təhsil Nazirliyi 10 balı toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etsin. Bu, ali məktəblərdə pedaqoji fənlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər. Əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə o zaman ali təhsilin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər.

Qeyd edək ki, Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən sertifikasiyada iştirak müddəti pedaqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir və bu da yeni universitet məzunlarının aldıqları təhsilinin keyfiyyətini qiymətləndirməyə də imkan verə bilər. Bütövlükdə, sertifikasiya imtahanları yalnız orta deyil, eləcə də ali təhsildə islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirdi. Deməli, çağırışlar heç də orta təhsil sferası ilə tamamlanmır”.

Zaira Akifqızı
Globalinfo.az