İnam Kərimov Şuranı topladı: Bu hakimlərlə bağlı qərar verildi

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib, kobud qanun pozuntularına yol vermiş bəzi hakimlər barədə yeni intizam icraatları başlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Sonra iclasda gündəlikdəki məsələlər üzrə məruzələr dinlənilib, məhkəmə sisteminin səmərəliliyinin artırılması, hakimlərin seçim qaydalarının təkmilləşdirilməsi üzrə konkret təkliflər müzakirə olunub, məhkəmə fəaliyyətini tənzimləyən hüquqi akt layihələrinə baxılıb.

Eyni zamanda Hakimlərin Seçki Komitəsinə yeni üzvlər seçilib, bəzi təşkilati məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

İclasda bundan başqa hakimlərin intizam icraatı üzrə işlərə baxılıb, kobud qanun pozuntularına yol vermiş bəzi hakimlər barədə yeni intizam icraatları başlanılıb.