Bu gün Türkiyədə ölən sabiq baş nazir kimdir? – Dosye

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Globalinfo.az bildirir ki, Moskvadan İstanbula gələn Surət Hüseynov aeroportda özünü pis hiss edib. Ürəyi tutan sabiq baş naziri xəstəxanaya aparıblar. Həkimlərin çalışmalarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

S.Hüseynov Azərbaycanın qarışıq dövründə özünün ziddiyyətli, qeyri-stabil hərəkətləri ilə yaddaşlarda qalıb. O, 1993-cü ilin iyun ayının 4-də Gəncədə hərbi qiyama qalxıb. Bu qiyam nəticəsində Əbülfəz Elçibəy hakimiyyəti devrilib.

Sonradan Bakıya gələn S.Hüseynov baş nazir vəzifəsinə təyin edilib.

Buna qədər isə o, müxtəlif vəzifələrdə tutub. Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991); Azərbaycan Respublikası Baş nazirinin müavini (1993), Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri, polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994) olub.

1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olan S.Hüseynov Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət edib. 

1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda korpus komandiri vəzifələrində çalışıb. Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilib və S.Hüseynov korpusun komandanı təyin edilib. 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Surət Hüseynov 1993-cü il iyununda dövrün Milli Məclisin sədri və prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən baş nazir təyin olunub.

1994-cü il oktyabrın 2-də, Surət Hüseynov Rövşən və Mahir Cavadov qardaşları ilə birlikdə dövlət çevrilişinə silahlı cəhd göstərilib. Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Həbsdən azad olandan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. 2012-ci il avqustun 22-də Milli Məclisin sədri Oqtay Əsədova göndərdiyi müraciətində iddia edib ki, Milli Qəhrəman adının ondan alınması zamanı qanun pozuntularına yol verilib. Ona görə də Milli Qəhrəman adının ona qaytarılmasına dair müraciətinin Milli Məclisdə müzakirəyə çıxarılmasını, onun qəhrəman adından məhrum edilməsi haqda qərarın ləğv edilməsini və Milli Qəhrəman adının ona qaytarılmasını istəyib.

AXC hakimiyyəti S.Hüseynovu Kəlbəcərin işğalında suçlayırdı. İttihamlara görə, o, həmin vaxt əmrində olan korpusu bilərəkdən Kəlbəcərin müdafiəsindən çəkib, nəticədə rayon ermənilərin əlinə keçib. Surəti 1993-cü ilin yayında 6 rayonun işğalında da ittiham edirdilər. Xalq Cəbhəsi iqtidarının  yetkililərinin fikrinə görə, Surətə tabe olan silahlı dəstələr əsasən Ağdamın və Füzulinin işğalında rol oynayıblar.

Malik Liftiyev
Globalinfo.az