Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Globalinfo.az bildirir ki, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər.

Ölkədə 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib.

Azərbaycan hüdudlarından kənarda 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Ümumilikdə ölkə hüdudlarından kənarda təxminən 22 mindən artıq seçicimiz öz səsvermə hüquqlarından istifadə edə biləcək.

2 mindən çox seçki məntəqəsində hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılıb. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir seçki məntəqəsində Brayl əlifbası ilə tərtib olunan trafaretlərlə təmin olunub.

Bu gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Seçkilərdə 790 beynəlxalq müşahidəçi 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir. Həmçinin, 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi iştirak edir. Veb-kameralar bu gün saat 07:30-da işə salınıb və seçki məntəqəsində bütün proseslər bitənə qədər onlayn şəkildə fəaliyyət göstərəcək.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək.

Mərkəzi Seçki Komissiyası 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlar hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.

***08:35

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Globalinfo.az xəbər verir ki, prezident seçkilərində 7 namizəd mübarizə aparacaq:

– Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

– Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

– Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

– Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.

Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.

Səsvermə saat 08:00-da başlayacaq, saat 19:00-da başa çatacaq.

Seçkiləri 90 372 müşahidəçi izləyəcək. Bunlardan 790-nı 72 beynəlxalq təşkilatı təmsil edən beynəlxalq müşahidəçidir. Seçkilərin müşahidəsinə 14 partiya və 83 QHT üzvlərini, tərəfdarlarını, könüllüləri cəlb edib. 50 mindən çox müşahidəçi məhz 14 siyasi partiyanın mənsubudur.

Növbədənkənar prezident seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirəcək.

Seçkiləri işıqlandırmaq üçün 109 beynəlxalq media qurumundan 216 jurnalist akkreditasiyadan keçib.

Prezident seçkiləri həm də ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək. Azad edilmiş ərazilərdə 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək.

Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi seçki günü və ondan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində, yəni fevralın 17-dək prezident seçkilərinə yekun vurulmasını və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim olunmasını təmin etməlidir.