“Maraqlar toqquşması haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın artırılması, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin gücləndirilməsi və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamanetin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.
Deputat bildirib ki, maraqlar toqquşması dövlət vəzifəsini icra edən şəxsin şəxsi mənafeləri ilə xidməti öhdəlikləri arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin meydana çıxma ehtimalı olduqda formalaşır:
“Burada əsas məsələ şəxsi maraqların ictimai mənafeydən üstün tutulmasının qarşısını almaqdır.
Təsəvvür edək ki, vəzifəli şəxs dövlət satınalmaları, işə qəbul, təyinat və ya maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərar verir. Əgər bu qərarlar onun özünün, yaxın qohumlarının və ya əlaqəli şəxslərin maraqlarına toxunursa, obyektivlik və qərəzsizlik məsələsi ortaya çıxır. Belə hallarda şəxsi maraqlar gizlədilməməli, müvafiq qaydada açıqlanmalı və qərarların qanunvericiliyə uyğun qəbul edilməsi təmin olunmalıdır.
Burada vacib məqam ondan ibarətdir ki, maraqlar toqquşması ilə korrupsiya eyni anlayışlar deyil. Maraqlar toqquşması hər zaman cinayət hesab olunmur. Lakin onun düzgün idarə edilməməsi korrupsiya üçün əlverişli şərait yarada bilər. Buna görə də belə halların vaxtında aşkarlanması və qarşısının alınması dövlət idarəçiliyinin əsas elementlərindən biri olmalıdır.
Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir. Hər bir vəzifəli şəxs qərar qəbul edərkən şəxsi münasibətlərini deyil, qanunu və ictimai mənafeyi əsas götürməlidir. Maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunun başlıca məqsədi də bu prinsipi hüquqi və institusional mexanizmlərlə möhkəmləndirmək olmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az