İsrail prezidentinin gözlənilən Azərbaycana səfəri – İran necə reaksiya verəcək?

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İshaq Hersoqa ünvanladığı təbrik məktubunda həmkarını Azərbaycana səfərə dəvət edib. Regionda baş verən son proseslər və mövcud İran-Azərbaycan münasibətləri fonunda bu, çox mühüm bir dəvətdir.

Bəzi ekspertlər hesab edir ki, İsrail prezidentinin Azərbaycana səfəri fonunda İranın ölkəmizə qarşı şantaj və provakasiyaları istisna deyil.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? Tehran hansısa təxribatlara əl ata bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Azərbaycan bütün dövlətlərlə əməkdaşlığa üstünlük verir və bu məsələdə ayrı-seçkilik etmir:

“Sadəcə, bəzi dövlətlər öz aqressiv siyasətlərinə görə bu əməkdaşlıqdan kənarda qalırlar. İsrail isə belə deyil. Təl- Əvivlə Bakını birləşdirən maraqlar var, bunlardan biri də məhz İranın destruktiv ritorikasıdır.

İsrail prezidentinin Azərbaycana dəvətini və ehtimal olunan səfəri birbaşa ortaq İran təhdidi ilə əlaqələndirməyin tərəfdarı deyiləm. İkitərəfli müstəvidə liderlərin müzakirə edə biləcəyi xeyli mövzu var. Həmçinin liderlər, yəqin ki, Türkiyə ilə münasibətlər barədə də danışacaqlar. Belə ki, rəsmi Bakı Ankara ilə Təl-Əviv arasında vasitəçi ola biləcək nadir və ən real namizəddir.

Şübhəsiz ki, prezidentlər İranla münasibətlər barədə də danışacaqlar. Dövlət başçılarının bu məsələdə hansısa razılığa gəlmələri mümkündür.

Fikrimcə, ehtimal olunan səfər fonunda İranın təhdidləri, təxribatları intensivləşə bilər. Amma bu bizdən daha çox, molla rejimini düşündürməlidir. Unutmayaq ki, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar”.

Turan Rzayev
Globalinfo.az