Bakı Təşəbbüs Qrupu (BTQ) Kanaki–Yeni Kaledoniyada keçirilən əyalət seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb.
Globalinfo.az xəbər verir ki, bəyanatda iyunun 28-də keçirilən seçkilərdə müstəqillik tərəfdarı olan siyasi qüvvələrin əldə etdiyi nəticələr münasibətilə təbriklər ifadə olunub.
BTQ bildirib ki, rəsmi nəticələr Kanaki–Yeni Kaledoniyada müstəqillik düşərgəsinin həm siyasi, həm də demokratik baxımdan mühüm qələbə qazandığını göstərir. Qurumun qiymətləndirməsinə görə, seçkilər 2024-cü ildə baş vermiş hadisələrin, ərazinin gələcək statusu ilə bağlı müzakirələrin və Fransanın seçici korpusunun genişləndirilməsi ilə bağlı qərarlarının fonunda keçirilib.
Bəyanatda qeyd olunub ki, müstəqillik tərəfdarları yerli əhalinin səsini zəiflətmək cəhdlərinə baxmayaraq, qanunverici orqanda tam suverenliyi müdafiə edən 26 mandat qazanaraq siyasi üstünlük əldə ediblər.
Bakı Təşəbbüs Qrupu Kanak xalqının müqavimətini yüksək qiymətləndirərək bildirib ki, seçkilərin nəticələri Fransanın müstəmləkə siyasətinin davam etdirilməsinin mümkün olmadığını göstərir. Qurum vurğulayıb ki, öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və dekolonizasiya prosesi birtərəfli qaydada həll oluna bilməz.
Sonda BTQ Kanaki–Yeni Kaledoniyanın müstəqillik qüvvələri ilə həmrəy olduğunu bir daha bəyan edərək, öz müqəddəratını təyinetmə hüququnun tanınması və dekolonizasiya prosesinin başa çatdırılması istiqamətində dinc səylərə dəstəyini ifadə edib.