Britaniyanın məxfi adamı Rusiya ilə gərginliyə görə Bakıya gəlib? – Zülfüqarov açıqlayır

Qərb və Rusiyanın Ermənistanı silahlandırması, Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Azərbaycana səfər etməsi Cənubi Qafqazda hansısa proseslərin getməsi haqda fikirlər yaradıb. Qeyd edək ki, bundan öncə ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Patrik Prio da Azərbaycana gəlmişdi.

Hər iki şəxsin ölkəmizə səfərinin yaxın vaxta təsadüf etməsi nədən xəbər verir?

Bu səfərlərin bir-biri və Rusiya ilə gərginliklə əlaqəsi varmı?

Globalinfo.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Azərbaycan təhlükəsizlik sahəsində bir çox ölkə ilə əməkdaşlıq edir:

“Bir çox hallarda Azərbaycanın qarşısında duran məsələlər təhlükəsizlik sahəsində əməkdaşlıqla həll edilir. Eyni zamanda bu gün Cənubi Qafqazda maraqları olan, bu səbəbdən Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələr də var.

Məlum olduğu kimi, Cənubi Qafqaz heç də bəsit bir region deyil. Buna görə regionda maraqları olan birdən çox ölkə, güc mərkəzi var. Bu ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlıdır və buna görə ölkəmizə tez-tez bu kimi səfərlər edilir. Hesab edirəm, Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Azərbaycanda səfəri bununla bağlıdır.

Diqqətçəkən əsas məqam R.Murun ADA Universitetini ziyarət edib mühazirə oxumasıdır. Bu detal onu deməyə əsas verir ki, Böyük Britaniya Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır”.

Tofiq Zülfüqarov

T.Zülfüqarov son günlər Azərbaycanla Rusiya arasında müşahidə edilən narahatlıqdan bəhs  edib:

“İki ölkə arasında narazılıq həmişə olub. Yəni bu spesifik bir şey deyil. Ölkələr arasında narazılığa səbəb olan məqamlar tez-tez baş verir. Mən mövcud narazılığın səbəbini bilirəm. Söhbət Rusiyanın Ermənistana silah verməsindən gedir. Bu məsələnin narazılıqla qarşılanması başadüşüləndir.

Əminəm ki, Azərbaycan onu narahat edən məqamları Kremlə çatdıracaq. Lakin bu məsələnin nə R.Murun, nə də ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsinin Azərbaycana gəlməsi ilə əlaqəsi var”.

Turan Rzayev

Globalinfo.az