Böyük müharibə başlayır: iki güclü ordu üz-üzə

Fransanın Ukraynaya hərbi kontingent göndərəcəyi haqda xəbərlər beynəlxalq medianın gündəmindədir. Xəbərə Rusiya sərt reaksiya verib. Rusiya televiziyaları günlərdir bunu müzakirə edir.

Bu ölkənin Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin də bu haqda danışıb. Onun sözlərinə görə, ilkin mərhələdə təxminən 2 min nəfər göndəriləcək. Beləliklə, Ukraynaya yerləşdirilən Fransa qüvvələri Rusiya ordusunun qanuni hədəfinə çevriləcək. Narişkin Fransa hərbçilərini Napoleon əsgərlərinin taleyinin gözlədiyini də söyləyib.

Bəs bütün bunlar nə vəd edir? Rusiya ilə Fransa arasında müharibə ola bilər?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Fransa Prezidenti Emmanuel Makronun bu addımı Rusiyada və Qərbdə çox ciddi rezonans doğurur:

“Bu, faktiki olaraq NATO qüvvələri ilə Rusiya arasında müharibə riskini artırır. Eyni zamanda Qərbin Ukrayna müharibəsini Rusiyaya uduzduğunun qəbul edilməsi deməkdir. NATO Baş katibi Yens Stoltenberq Bakıya səfəri zamanı Ukraynanın məğlubiyyətinin Rusiyanı gücləndirəcəyini, aqressiyanı artıracağını bildirdi. Açıq şəkildə qeyd etdi ki, rəsmi Kiyevə dəstək artırılmasa, o indiki halda Moskvanın öhdəsindən gələ bilməyəcək. Fransanın yeni koalisiya yığması, ordu göndərməsi Rusiya tərəfindən kəskin qarşılanacaq. Rusiya Prezidenti Vladimir Putin son açıqlamalarında da lazım gəldiyi təqdirdə nüvə müharibəsinə başalayacaqlarını bildirib. Görünür, Moskva cavab olaraq nüvə silahına əl atacaq”.

Politoloqun fikrincə, Fransanın Ukraynaya 2 min əsgər göndərməsi ciddi dəyişikliyə səbəb olmayacaq:

“Simvolik olaraq bu, NATO-nun müharibədə açıq çıxış etdiyini göstərir. Münaqişə NATO-Rusiya müharibəsinə çevrilir. Bununla bağlı kəşfiyyat məlumatlarının olduğu istisna deyil. Fransanın belə addım atmasının səbəbi ilə bağlı bir neçə ehtimal var.

Birincisi, ABŞ Fransanı müharibəyə qoşulmaq üçün təhrik edir. Yəni birbaşa rəsmi Vaşinqton müharibəyə daxil olarsa, bu, açıq nüvə müharibəsinə gətirib çıxardacaq. Əgər Rusiyanın Fransaya kəskin reaksiyası olmasa, Qərb daha güclü formada Moskvaya qarşı fəaliyyətə keçəcək. Bu kimi oxşar ssenarilər çox olub.
İkinci variant isə Rusiya-Ukrayna müharibəsinin başında hərbi münaqişəyə tamamilə qarşı çıxan Makronun Afrikadakı itkilərindən sonra ölkənin nüfuzunu artırmaq üçün bu addımı atmasıdır. Əslində bununla dünya ictimaiyyətində daha sərt reaksiya yarada bilər”.

Safura Bənnayeva
Globalinfo.az