BMT-də müzakirə: Bu ölkələr Azərbaycanı Laçın yolunu açmağa çağırdı

BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun “bağlanmasından” sonra yaranmış “humanitar böhranı” müzakirə etmək üçün çərşənbə günü təcili çağırdığı iclası keçirilib.

Globalinfo.az BBC-yə istinadən xəbər verir ki, çıxışçılar “humanitar böhranın” yaşanmasından narahat olduqlarını və Laçın koridorunun açılmasını, o cümlədən, bölgədə dialoqun davam etdirilməsi üçün töhvə verməyə hazır olduqlarını bildiriblər.

ABŞ nümayəndəsi Linda Thomas-Greenfield çıxışında deyib ki, Vaşington Laçın dəhlizinin bağlı qalması nəticəsində Qarabağdakı erməni əhaliyə qida və dərman çatdırılmasının dayandırılmasından dərindən narahatdır.

“Biz Azərbaycan hökumətini dəhlizdə hərəkəti açmağa çağırırıq”, – o deyib.

Britaniya təmsilçisi ölkəsinin “Laçın dəhlizindəki davam edən maneələrə görə dərindən narahat olduğunu” bildirib.

O bildirib ki, bu əngəllər həyati əhəmiyyətli dərmanların və digər vacib məhsuların təminatına təhlükə yaradıb və yerli əhali humanitar çətinliklərlə üzləşib. O, beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunun açılması barədə qərarına əməl edilməsinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin həyati əhəmiyyətli işinin bərpasına imkan yaradılmasın çağırıb.

Britaniya təmsilçisi həmçinin Ermənistanla Azərbaycan arasında danışıqları alqışladığını bildirib.

Rusiya nümayəndəsi “Laçın dəhlizində davam edən blokadadan narahat olduğunu” bildirib.

O hər iki tərəfi blokadanı aradan qaldırmağa və alternativ yolların açılmasına çağırıb.

O bildirib ki, Moskva “faciə”nin qarşısını almaq üçün əlindən gələn bütün diplomatik yollardan istifadə edir.

Rusiya təmsilçisi deyib ki, Laçın və Ağdam vasitəsilə vətəndaşların və yüklərin daşınması üçün paralel yollar açıla bilər və bu, “Azərbaycan və Dağlıq Qarabağ ermənilərinin arasında barışığın başlanğıcı ola bilər”.

O həmçinin Bakı və Xankəndi arasında danışıqlara çağırış edib.

Fransa Laçın dəhlizi ilə hər iki sitiqamətdə nəqliyyatın qeyd-şərtsiz bərpasına çağırıb.

Fransa təmsilçisi həmçinin bölgədə davamlı sülhə sadiq olduqlarını bildirib və Dağlıq Qarabağ ermənilərinin hüquqları da daxil, sülh danışıqlarının bərpasını istədiyini deyib.

Ermənistan Baş naziri Ararat Mirzoyan hazırkı vəziyyəti “Dağlıq Qarabağın mühasirəsi” adlandırıb.

“Laçın dəhlizi Ermənistanla Dağlıq Qarabağ arasında razılaşdırılmış yoldur və buna heç bir alternativ yoxdur”, Ararat Mirzoyan deyib.

O , mülki şəxslərin acından ölməsinin qarşısını almaq üçün çağırış edib və Laçın dəhlizi ilə azad hərəkətin bərpasına çağırıb.

Ararat Mirzoyan deyib ki, BMT Təhlükəsizlik Şurası “soyqırımın qarşısını alan” təşkilat kimi hərəkət etməlidir.

Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev Ermənistanın “soyqırım” iddialarını rədd edib.

O çıxışında deyib ki, Ermənistan “işğalçı dövlətdir və hazırda siyasi riyakarlıqla” məşğuldur.

O deyib ki, Azərbaycanın yerli erməni sakinlərlə Yevlaxda görüşü razılaşdırılmışdı. “Təəssüf ki, avqustun 5-də Ermənistan qurduğu qeyri qanuni rejim vasitəsilə siyasi motivli və qeyri-qanuni şərtlər irəli sürməklə son anda razılaşmadan geri çəkildi”, Yaşar Əliyev deyib.

O həmçinin deyib ki, Azərbaycan Qırmızı Xaç Təşkilatı vasitəsilə Qarabağdakı erməniləri bütün zəruri məhsullarla təmin etməyi təklif edib, lakin erməni tərəfi bundan imtina edib.

Yaşar Əliyev bildirib ki, Qarabağdakı ermənilər Azərbaycan sakinləridir və Azərbaycan hökuməti onların lazımı yaşayış standartlarını təmin etməyə sadiqdir.

“Laçın dəhlizi adlandırılıan yol Azərbaycanın suveren ərazisindədir və heç bir ekstraterritorial statusa malik deyil”, o deyib.