
“Rusiya çətin günlər yaşayır, lakin ölkə vətəndaşları toparlanmalı və düşmənə onları sındırmağın mümkün olmadığını göstərməlidirlər”.
Globalinfo.az xəbər verir ki, bunu “Rusiya Seqodnya”nın baş redaktoru Marqarita Simonyan deyib.
Onun sözlərinə görə, hazırda neft emalı zavodlarını pilotsuz uçuş aparatlarının hücumlarından qorumaq olduqca mürəkkəb məsələdir:
“Düşmənin məqsədi turizm mövsümünü pozmaq, ölkə üzrə yanacaqdoldurma məntəqələrində yaranan növbələr fonunda insanlarda narazılıq yaratmaqdır.
Onlar nəyə ümid edirlər? Düşünürlər ki, 1917-ci ildə qazan və tavalarla küçələrə çıxan insanlar kimi biz də eyni addımı atacağıq? Onların bizi bu qədər asanlıqla sındırmasına imkan verəcəyikmi?”.
Simonyan atasının sözlərini xatırladaraq bunu əlavə edib:
“Bizi qorxutmayın. Artıq qorxunun nə olduğunu görmüş insanlarıq”.
Xatırladaq ki, son günlər Ukrayna Rusiyanın enerji infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücumları əhəmiyyətli dərəcədə artırıb. Omsk, Ufa, Nijni Novqorod və Sankt-Peterburq yaxınlığındakı neft emalı zavodları və neft terminalları hədəfə alınıb. Son zərbələr nəticəsində Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan Omsk zavodunda emal prosesi dayandırılıb, digər obyektlərdə isə fəaliyyətə ciddi təsir göstərən zədələr qeydə alınıb.
Safura Bənnayeva
Globalinfo.az